Qərbin ambisiyaları Hayastanı uçuruma sürükləyir
Siyasət

Qərbin ambisiyaları Hayastanı uçuruma sürükləyir

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bunun qapanmadığını bildirib. Amma o, bir dəfə də olsun Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə danışmayıb.

Bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcması ABŞ hökumətinə bir daha müraciət edərək Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağa, onların sülh yolu ilə təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırıb.

Kvienin çıxışını nəzərdən keçirəndə aydın olur ki, aprelin 5-də Belçikanın paytaxtı Brüsseldə bağlı qapılar arxasında Nikol Paşinyana verilən vədlər artıq icra mərhələsindədir. Birləşmiş Ştatların Ermənistandakı səfiri bildirib ki, ölkəsi İrəvana hərbi məsləhətçi və texnika göndərməyə qərar verib. Diplomatın sözlərinə görə, Ağ Evdən göndəriləcək məsləhətçi Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərəcək və hərbi potensialın artırılmasına kömək edəcək. ABŞ nümayəndələrinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qoşula biləcəyi də istisna deyil. Bundan əlavə, rəsmi İrəvanın hərbi rəhbərliyi qərbli tərəfdaşından münaqişə bölgəsinə daxil ola biləcək zirehli təcili yardım maşınları istəyib və rəsmi Vaşinqton hazırda bu məsələnin üzərində işləyir.

Kristina Kvienin açıqlamaları Amerika Birləşmiş Ştatlarının Ermənistana hərbi yardım göstərdiyinin etirafı hesab oluna bilər və sözsüz ki, bu dəstəyin ictimaiyyətə açıqlanan qədər olması real deyil. Çünki Qərbin Ermənistan üzərindən reallaşdırmaq istədiyi ambisiyaları var. Birləşmiş Ştatlar və Avropa rəsmi İrəvandan Cənubi Qafqazda maraqları olan digər gücləri neytrallaşdırmaq üçün istifadə edir. Bu baxımdan kollektiv Qərbin hərbi dəstəyini Rusiya və İran kontekstində dəyərləndirmək lazımdır. Artıq Nikol Paşinyan Administrasiyası ölkədə rus kanallarının yayımını dayandırmağa hazırlaşır. Amerikalı müşahidəçilərin Ermənistanın Müdafiə Nazirliyində fəaliyyət göstərəcəkləri barədə xəbərlər isə İrəvanın hərbi rəhbərliyindəki rusmeyilli qüvvələrin kənarlaşdırılması kimi şərh edilə bilər. Digər tərəfdən, müşavirlərin sərhəddə yerləşdirilməsi birbaşa olaraq rəsmi Tehranı hədəf alır. Çox güman ki, hərbi müşahidəçilər İran ərazisindən sərhədi keçənlərlə söhbət edərək onları Ağ Ev ilə əməkdaşlığa cəlb etməyə çalışacaqlar. Yəni indiki məqamda Qərb Ermənistanı şirnikləndirir ki, Rusiyanın təsir orbitindən çıxsın, İranı öz ərazisindən uzaqlaşdırsın. Hazırda atılan bütün addımlar da bu planın tərkib hissəsidir.

Amma hərbi yardımları qəbul edən rəsmi İrəvanın öz maraqları naminə addım ata biləcəyini də nəzərə almaq lazımdır. Ermənistanın münaqişə bölgəsinə girə bilmək üçün istədiyi zirehli təcili yardım maşınlarının Azərbaycanla mümkün hərbi eskalasiyada istifadə olunacağı ehtimalını gözardı etmək olmaz. Çünki 44 günlük müharibədə Azərbaycanın humanitar cinayət törətmədiyini bilən Ermənistan ordusu təcili tibbi yardım avtomobillərindən təyinatı üzrə istifadə etmirdi. Bu maşınlarda silah-sursat, radiolokasiya vasitələri daşıyırdı. Üstəlik, Brüssel görüşü baş tutan gündən etibarən şərti sərhəddə mütəmadi olaraq atəşkəsin pozulması və 4 kənd ətrafında səsləndirilən ziddiyyətli fikirlər onu deməyə əsas verir ki, İrəvandakı müxtəlif güclər bu vəziyyəti Bakının əleyhinə dəyişməkdə maraqlıdır. Sözügedən prosesdə Paşinyan hökuməti aparıcı rol oynamasa da, müxalifət və onların dəstəklədiyi terrorçu qruplaşmalar təxribatlara əl ata bilərlər. Son aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı intensiv görüşlərin keçirildiyi vaxtda Ermənistanın Avropadan yeni silahlar alması, ordusunu NATO standartlarına uyğun olaraq yenidən formalaşdırması gələcəkdə ölkəmizə qarşı təxribatyönümlü addımların atıla biləcəyindən xəbər verir.

Bununla belə, Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücumlara başlaması mümkün deyil. Hazırda bütün strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır və həm 44 günlük müharibədə, həm də 23 saatlıq antiterror tədbirlərində erməni silahlı qüvvələri dağıdıcı zərbələr alıb. Hərbi ekspertlər bildirirlər ki, milyardlarla məbləğdə olan arsenalı bərpa etmək üçün Ermənistan ən azı növbəti 5 il ərzində ciddi şəkildə silahlandırılmalıdır. Amma qüvvələrin bərabər olması üçün gərək bu müddətdə Azərbaycan da heç bir addım atmasın. Lakin ölkəmiz bir neçə dövlətlə əməkdaşlıq edir, hərbi potensialını gücləndirir. Üstəlik, rəsmi Bakı diplomatik və siyasi rıçaqları da işə salır. Paşinyan rəhbərliyi bunları nəzərə almalı, həm də onu düşünməlidir ki, tarix boyu Qərbin dəstəyi ilə bölgədə gərginlik yaratmağa çalışan ölkələr sonda böyük güclərin qarşı-qarşıya gəldiyi bir plasdarma çevrilib. Nəticədə isə bu, onların məhvinə gətirib çıxarıb. Ona görə də Ermənistan rəhbərliyi yerləşdiyi bölgənin geosiyasi durumuna diqqət yetirməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".