Qitələri birləşdirən nəqliyyat-logistika qovşağı
İqtisadiyyat

Qitələri birləşdirən nəqliyyat-logistika qovşağı

Qarşılıqlı ticarət əlaqələrini Azərbaycanla həyata keçirmək istəyən ölkələrin sayı davamlı artmaqdadır

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallığıdır. Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyət tamamilə dəyişib. Bölgədə yaranan yeni reallıqların açdığı regional və beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar beynəlxalq aləm tərəfindən dəyərləndirilir. Sülhü, sabitliyi, inkişafı və sıx əməkdaşlığı təmin edəcək yeni logistik dəhlizlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrün reallıqları isə hələ illər öncə: "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik", - deyən Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində artıq Azərbaycan nəinki nəqliyyat-tranzit-logistika xidmətləri ilə, eləcə də enerji təminatı və təhlükəsizliyindəki əhəmiyyətli yeri, "yaşıl enerji" mənbəyi kimi Avropanın aparıcı dövlətinə çevrilib. Avropa ilə Asiya arasında körpü rolu oynayan ölkəmiz çox böyük tranzit imkanlarına malikdir. Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz Azərbaycandan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilir. Azərbaycanın Avrasiya regionu üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsində ölkəmizin əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da mühüm rol oynayır.

Son illər Azərbaycanın nəqliyyat sektorunda bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkənin xarici iqtisadi əlaqələri genişlənib. Azərbaycanda logistik nəqliyyat mərkəzinin yaradılması məqsədilə bərələr, tankerlər, quru yük gəmiləri, təyyarələr alınıb. Bakı-Tbilisi-Qars dəmiryol xətti Avropa və Asiya ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırır. Ticarət təyinatlı nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər gətirir. Gələcəkdə isə bu amil bütün Avrasiya regionunun firavanlığına xidmət edəcək.

Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin tranzit potensialının inkişafı üçün bu gün Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi çox böyük önəm daşıyır. Son illər Xəzəryanı ölkələrdən tranzit yolla Avropa istiqamətində daşınan karbohidrogen xammalın beşdə dörd hissəsindən çoxu bu dəhlizin payına düşür. Hazırda dünyanın diqqətində dayanan ən aktual məsələlərdən biri də Çindən Avropaya uzanan və Avrasiyanı birləşdirən "Bir kəmər - bir yol" şəbəkəsinin fəaliyyəti ilə bağlıdır. Qədim İpək yolu üzərində bərqərar olan bu şəbəkə Avrasiyanın şərq və qərbini birləşdirən 3 əsas nəqliyyat arteriyasından ibarətdir. Bunlardan biri şimal xətti, digəri orta dəhliz, daha biri isə Hind okeanından keçən cənub dəhlizidir. Son dövrlər Ukraynada yaranmış vəziyyətlə bağlı şimal xəttinin işində məhdudiyyətlər yaranıb, cənub dəhlizi isə daha uzun olduğundan orta dəhlizin mövqeyi güclənir. Ölkənin nəqliyyat infrastrukturu bu məqsədlə xeyli təkmilləşdirilib. Burada Azərbaycanın Çinlə əməkdaşlığı da mühüm rol oynayır.

Prezident İlham Əliyevin müasir dünyanın çağırışlarına uyğun yürütdüyü çevik, uzaqgörən, uğurlu və qətiyyətli siyasəti sayəsində Azərbaycan qovşaq ölkəyə çevrilməklə yanaşı, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Bu istər bölgədə reallaşan enerji, iqtisadi, kommunikasiya, beynəlxalq yükdaşıma, tranzit, logistika sahəsində, istərsə də regional və beynəlxalq təşkilatlara rəhbərlik məsələsində aydın müşahidə olunur. Azərbaycan artıq iqtisadi baxımdan dünya miqyasında sözün əsl mənasında cazibə qüvvəsinə çevrilir. Şərqlə Qərb arasında iqtisadi platforma funksiyasını üzərinə götürən respublikamız ötən il Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşünə ev sahibliyi etdi. Müxtəlif coğrafi qütblərin, müxtəlif iqtisadiyyatların birləşdiyi bu təşkilat Azərbaycanın iqtisadi tranzit baxımından həm əlverişli, həm də etibarlı məkan olduğunu bir daha ortaya qoydu.

Ölkə iqtisadiyyatında baş verən inkişaf tendensiyaları ən müxtəlif parametrlərdə faydalı əməkdaşlıq əlaqələrinə böyük imkanlar yaradıb. Elə Zirvə görüşündə həm siyasi, həm ticarət-iqtisadi, həm də mədəni-humanitar məsələlərin, o cümlədən "yaşıl enerji" layihəsi və Qara dənizin dibi ilə elektrik kabelin çəkilməsi məsələlərinə qədər ən müxtəlif mövzuların gündəliyə çıxarılması dediklərimizin əyani sübutudur. Belə ki, Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Bərpaolunan enerji texnologiyaları sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri "yaşıl enerji" keçidini sürətləndirir. "Yaşıl enerji" ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157, quruda 27 qiqavatdır. Eyni zamanda Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır.

Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin hər ikisində iştirak edən yeganə ölkədir. Ölkəmiz bu nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir, avtomobil yolları və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya cəlb edib. Dövlətimiz özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə işgüzar münasibətlərə malikdir. Ölkəmiz Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğu üçün nəqliyyat infrastrukturuna böyük sərmayə yatırıb. Hesablamalara görə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq. Bu isə Azərbaycanın bölgənin ən əsas tranzit və logistik mərkəzinə çevrilməsinə böyük təkan verəcək. Şərqlə Qərbi birləşdirən Orta nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi faktiki olaraq Aralıq və Xəzər dənizaşırı ölkələrinin Böyük İpək Yolu və Şimal-Cənub dəhlizinə inteqrasiyasına xidmət edəcək. Zəngəzur dəhlizinin reallaşması Avrasiya məkanı üçün yeni perspektivlər vəd edir.

Ötən il Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə Prezident İlham Əliyevin dəvət edilməsi və buradakı çıxışı mühüm tarixi hadisə olaraq yadda qaldı. Prezident İlham Əliyevin "Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır" - sözləri onlara qucaq açmaq, inkişaf etmələri, müstəqilliklərini daha da möhkəmləndirmələri üçün imkanlar yaratmaq, həm də Azərbaycanın türk dünyasının birləşdirici ölkəsi olduğu da deməkdir. Dövlət başçısının səfəri və çıxışında irəli sürdüyü fikirlər tarixdə şəxsiyyətin oynadığı rola dair ən gözəl nümunələrdən biridir.

Mustafa KAMAL,

"Respublika".