Qlobal problemlərin həllində strateji məqamlar
Ekologiya

Qlobal problemlərin həllində strateji məqamlar

Hazırda hansı coğrafiyada baş verməsindən asılı olmayaraq iqlim dəyişmələri dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəyə çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Bu gün Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir.

1994-cü ilin sentyabrında keçirilən XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına həsr olunmuş tədbir bugünkü uğurların başlanğıcı hesab olunur. Ümummilli Lider Heydər Əliyev həmin dövrdə geosiyasi maraqları toqquşan gücləri, böyük dövlətlərin rəhbərlərini, nəhəng konsorsiumları paytaxtımızda bir araya gətirməklə neft müqaviləsinin imzalanmasına müvəffəq oldu. Yaxın zamanda isə daha açıq və kəskin şəkildə üz-üzə dayanan böyük təmsilçilər Bakıda yenidən bir araya gələcəklər. Bu, suveren hüquqlarını bütün ərazisində öz gücünə təmin edən respublikamızın Cənubi Qafqazda yaratdığı yeni reallığın beynəlxalq birlik tərəfindən etiraf olunması ilə yanaşı, həm də ölkəmizin geosiyasi və geoiqtisadi maraqların uzlaşdırılmasına əhəmiyyətli töhfə vermək gücündə olduğunun əyani sübutudur. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin qlobal problemlərin həllindəki əvəzsiz rolunun növbəti təzahürüdür.

Qeyd edək ki, dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən olan COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılıb. Sözügedən konvensiyanın ən üst qərarverici qurumu olan COP-un missiyası qarşıya qoyulmuş tələblərin, tövsiyələrin icrasını nəzarətdə saxlamaqdır. Bu tələblər əsasən qlobal istiləşmənin tempini səngitmək, ona məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər "0" - sıfır emissiyaya nail olmaqdır. Hər il dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səy göstərmək üçün müxtəlif təşəbbüslər irəli sürürlər. Bundan öncəki 28-ci konfrans 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. Həmin tədbirdə də 195 ölkədən təxminən 97 min nəfərdən çox nümayəndə iştirak edib. İştirakçılar əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər və digər şəxslərdən ibarət idi.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün bir sıra perspektivlər vəd edir. Belə ki, bu tədbir dünyanın qorunmasına və gələcəyə hesablanan platformadır. Prezident İlham Əliyevin dediyi kimi, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Həmçinin COP29 da respublikamızda daha yüksək səviyyədə keçiriləcək. Azərbaycanın iqtisadi və geopolitik gücünün buna imkan verdiyi, qlobal problemlərin müzakirəsi, həlli yollarının araşdırılması istiqamətində əldə etdiyi uğurlar da bunu söyləməyə əsas verir. Beləliklə, dünyanın nəbzi yenidən Bakıda döyünəcək. Planetin aqibətini müəyyənləşdirən COP29 Azərbaycanın əsas gündəliyindəki "yaşıl enerji" məsələsini yenidən gündəmə gətirir. Azərbaycan bu gün neft və qaz ölkəsi kimi tanınsa da "yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli iqtisadi siyasətimizin əsas istiqamətlərini təşkil edir. Rəsmi Bakı həmin tədbirə ev sahibliyi etməklə ətraf mühitə verdiyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını sübuta yetirir.

Məlum olduğu kimi, martın 14-də ölkəmizdə daha bir beynəlxalq əhəmiyyətli tədbir XI Qlobal Bakı Forumu öz işinə başlayıb. Forum çərçivəsində COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılır. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışı zamanı COP29-un əhəmiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı: "COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Dəfələrlə ictimai bəyanatlarda da dediyim kimi, neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Hesab edirəm ki, bizi tənqid etməyə cəhd göstərənlər və bu qlobal tədbirə ev sahibliyi etmək şərəfinə bizi layiq görənlər anlamalıdırlar ki, bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var". Şübhəsiz ki, COP29 müstəqil yaşayan və heç kəsdən asılı olmayan ölkənin necə uğurla inkişaf etdiyini bütün dünyaya göstərməyə imkan verəcək. Sözsüz ki, bu Azərbaycanın son 30 ildə apardığı düzgün siyasətin nəticəsidir. Praktiki nöqteyi-nəzərdən isə bu tədbir Azərbaycanın həmrəyliyə növbəti töhfəsi olacaq. COP29-un ölkəmizdə keçirilməsi, eyni zamanda qlobal problemlərin həllində strateji təşəbbüsdür.

Nəzrin ELDARQIZI,

"Respublika".