Qurub-yaratmaq xalqımızın mental dəyərlərindəndir
Siyasət

Qurub-yaratmaq xalqımızın mental dəyərlərindəndir

"Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar". Ölkə başçımızın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində söylədiyi bu fikirlər 30 illik işğala son qoyan, dövlətin bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edən liderin əzminin, qətiyyətinin, xalqın mənafeyini hər şeydən üstün tutduğunun ən gözəl nümunəsidir.

Vətənimizin ərazi bütövlüyü uğrunda başlayan və işğalçı dövlətin məğlubiyyəti ilə sona çatan İkinci Qarabağ müharibəsi xalqımızın düşmən üzərində qələbəsi, eyni zamanda pozulmuş hüquqlarının, haqqın, ədalətin bərpası oldu. 20 faizdən çox torpaqlarımızı işğal edən yağı düşmənin döyüş meydanında məğlubiyyətə uğradılması, kapitulyasiya aktını imzalamağa məcbur olması Azərbaycanın iqtisadi, hərbi gücünün göstəricisi idi. Heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan kömək istəmədən, öz daxili potensialı hesabına XXI əsrin müharibəsini aparan, haqlı olduğunu bütün dünyaya sübut edən müstəqil dövlətimiz bu gün postmüharibə dövrünün qanunauyğunluqlarına əsasən quruculuq işləri həyata keçirir. Vaxtilə qonşu ölkənin düşmənçiliyi, ədavəti nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş soydaşlarımızın ata-baba ocaqlarına mümkün qədər tez geri qayıtmaları üçün düşmənin viran qoyduğu əzəli yurd yerlərimiz müasirliklə tarixiliyin vəhdətində yenidən qurulur, vətəndaşlarımızın yüksək həyat şəraiti ilə təmin olunması istiqamətində irimiqyaslı bərpa işləri aparılır.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr dünyanın hər yerində maraqla, heyrətlə qarşılanır. 30 ildə daşı-daş üstə qalmayan ərazilər ilk növbədə, ölümsaçan minalardan təmizlənir, Böyük Qayıdış proqramı sürətli, keyfiyyətli, müasir standartlar əsasında icra olunur. Yenidən dirçəldilən şəhər və kəndlərimizə mərhələli şəkildə yola salınan köç karvanlarının sayının günbəgün artması, beş yaşayış məntəqəsində həyatın bərpa edilməsi, təxminən 5 minə yaxın keçmiş məcburi köçkünün yurd yerlərinə dönüşü görülən işlərin intensivliyindən xəbər verir. Yurd yerlərinə üz tutan köç karvanları Zəngilanın Ağalı kəndindən Talış kəndinə, sonra isə Füzuli şəhərinə, Zabux kəndinə, Laçına yol aldı. Böyük Qayıdışın sevincini yaşayan keçmiş məcburi köçkünlərin illərdir çəkdikləri yurd həsrətinə son qoyuldu. Ölkə başçımızın bu il Xocalı, Xankəndi sakinlərinə də bu xoşbəxtlikdən pay düşəcəyini əminliklə söyləməsi bu istiqamətdə atılan mühüm addımların göstəricisidir.

30 illik münaqişəyə cəmi 44 gündə son qoymaq Azərbaycanın hərbi gücünün, yenilməz orduya malik olmasının göstəricisi idisə, düşməndən geri alınmış əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri tezliklə bərpa etmək, bir sözlə, Böyük Qayıdış üçün reallaşdırılan işlər müstəqil dövlətimizin iqtisadi potensialının nümayişidir. Bu ərazilərdə elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər baza və sosial infrastrukturun qurulması, yeni yaşayış məntəqələrinin salınması və s. sözün əsl mənasında böyük güc, potensial tələb edir. Öz gücü ilə ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən dövlətimizin düşməndən geri alınan şəhər və kəndlərimizi layiqli yaşayış yerlərinə çevirməsi düşmən üzərində növbəti qələbəmizdir. Eyni zamanda, tarixi torpaqlarımızdan azərbaycanlı izini silməyə, bu yerləri özününküləşdirməyə cəhd edən, bu məqsədlə insanlıq adına sığmayan əməllər törədən, hər cür saxtakarlığa, riyakarlığa əl atan düşmənin vandallığının təzahürüdür. Belə ki, müharibənin bitdiyi üç il ərzində dünya dövlətlərinin, nüfuzlu təşkilatların, media qurumlarının nümayəndələri işğaldan azad olunmuş ərazilərimizdə olarkən ermənilərin törətdikləri vəhşiliklərin, ekosid, urbisid faktlarının canlı şahidi olmuşlar.

Müasir tarixinin ən qüdrətli dövrünü yaşayan, getdikcə maliyyə imkanları daha da artan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə öz iqtisadi potensialı hesabına genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Qurub-yaratmaq, sülh, əmin-amanlıq tərəfdarı olmaq xalqımızın mental dəyərlərindəndir. Bütün dünya bunu Qarabağ və Şərqi Zəngəzurda həyatın əvvəlki məcrasına qaytarılması, nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevrilməsi istiqamətində aparılan böyük işlərin fonunda bir daha görür.

Mehparə ƏLİYEVA,

"Respublika".