Qürurla anırıq: ARİF QUBADOV
Digər xəbərlər

Qürurla anırıq: ARİF QUBADOV

Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidliyə, şücaətə və vəzifə borclarının yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı  adına  layiq  görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur.

 Milli qəhrəman Arif Vəliş oğlu Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində doğulmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidmətini SSRİ-nin müxtəlif yerlərində keçmişdir. A.Qubadov 1992-ci ildə Azərbaycana qayıdaraq Milli Ordumuzda xidmət etməyə başlayır. 1992-ci ilin iyun ayında Qədim Naxçıvanın Sədərək bölgəsində qanlı döyüşlərdə qəhrəmancasına vuruşur. Onun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edir. A.Qubadovun dəstəsi 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərilir. Rayonun  Əfətli, Yusifcanlı kəndlərinin düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə ermənilər geri oturdulur.

1993-cü ilin avqustunda öz taboru ilə Füzuli bölgəsinə yollanır. Əhmədbəyli, Aşağı və Yuxan Kürdmahmudlu, Alxanlı kəndləri məhz Arifin rəhbərliyi altında düşməndən təmizlənir. O, 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində də fəal iştirak edir. Burada da o, öz döyüşkənliyi və rəşadəti ilə fərqlənir. Bu xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Qubadov Arif Vəliş oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Arif 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildə isə o, Sərhəd Qoşunları Hərbi Akademiyasına daxil olmuş və 2003-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. A.Qubadov polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 43 yaşında Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında 26 sentyabr 2009-cu ildə vəfat etmiş, doğulduğu Əliqasımlı kəndində dəfn edilmişdir. İki oğul, iki qız atası idi.

Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Arif Qubadovun ömür yolu da hamımıza örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətəninin uğrunda şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Ürəyi Vətən sevgisi ilə döyünən və Vətən üçün canından keçməyi belə gözə alan Vətənin qəhrəman övladları heç vaxt   unudulmayacaq.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə  adını qızıl hərflərlə yazdı. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. Uğurlu idarəçilik, peşəkar ordu quruculuğu, xalqının Prezidentinə etimadı, qətiyyətli liderinin ətrafında dəmir yumruq kimi birləşməsi Ermənistanın işğalçı ordusu üzərində qələbənin əldə olunmasını daha da sürətləndirdi.  Beləcə, 30 illik tarixi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli dünyada işğalçılığa göz yuman, bu niyyəti dəstəkləyən  digər işğalçı qüvvələrə də mesaj oldu, həm də Azərbaycanın Müzəffər Ordusunun döyüş gücünü dünyaya, düşmənlərə göstərdi.

M.MİRZƏ,

"Respublika".