Qürurla anırıq: Fərhad Hümbətov
Digər xəbərlər

Qürurla anırıq: Fərhad Hümbətov

Doğma yurdumuzun qəhrəman övladları öz şəhid ömürləri ilə cəsurluğun əbədiyyət nəğməsini yazdılar. Bu nəğmənin hər sətri, hər bəndi qanla yoğruldu, güllələrlə, mərmilərlə bəstələndi. Qarabağ uğrunda gedən ölüm-dirim savaşı Vətənin igid övladlarını ayağa qaldırıb onları haqq yolunda, haqq savaşında şəhidlik zirvəsinə ucaltdı. Belə oğullardan biri də əslən Qərbi Azərbaycandan olan Fərhad Qənbər oğlu Hümbətovdur.

Fərhad Hümbətov 1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Arcut kəndində dünyaya göz açmışdı. Fərhadın atası Qənbər dəmiryolçu idi, anası Salatın isə sovxozun maldarlıq fermasında çalışırdı. Ailənin 3-cü uşağı olan Fərhad öz bacarığı, qabiliyyəti, əməksevərliyi ilə hər zaman fərqlənirdi. Tədris olunan fənlərə sonsuz maraq göstərir, hər vasitə ilə elmi biliklərə yiyələnməyə çalışırdı. Buna görə də müəllimlərinin sevimlisinə çevrilmişdi.

Uşaqlıqdan təbiətin vurğunu olan Fərhad yay aylarında dostları, sinif yoldaşları ilə birlikdə Todar dağına, Araz yurdu yaylağına, Dəlidağa, qonşu Hallavar yaxınlığında yerləşən Maymaq dağına qalxar, müxtəlif çiçəklərdən çələng toxuyardı.

Fərhad Hümbətov M.F.Axundov adına Arcut kənd orta məktəbini bitirdikdən sonra Spitak rayon mərkəzindəki 69 nömrəli texniki-peşə məktəbində sürücü mexanizator ixtisasına yiyələndi.

İrkutsk və Monqolustanda hərbi xidmətdə olarkən dəfələrlə valideynlərinin ünvanına "N" saylı hərbi hissənin komandanlığı tərəfindən razılıq məktubu göndərilirdi.

Fərhad əsgəri xidmətini başa vurub geri qayıdanda 1988-ci ilin payızı idi. Uydurma Qarabağ məsələsini ortaya atan faşist xislətli ermənilər Moskvadakı havadarlarının köməyi sayəsində Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı öz ata-baba yurdlarından zorla qovub çıxarır, başlarına olmazın müsibətlərini gətirirdilər.

Fərhadın ailəsi də çox keçmədən bu köç karvanına qoşuldu. Qənbər Hümbətovun ailəsi boranlı-çovğunlu günlərdə göz yaşları ilə doğma Vətəni, qədim oğuz ellərini tərk etdilər.

Fərhad Hümbətov Bakı şəhərində məskunlaşdıqdan sonra Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başladı.

 1990-cı il 20 Yanvar faciəsi zamanı o, təsadüf nəticəsində sağ qaldı. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet ordusunun qoşun hissələri qarşısına çıxan hər şeyi əzib keçir, heç kimə aman vermirdi.

Bu hadisədən sonra Fərhad Vətənin keşiyində durmağı, yurdumuzu erməni daşnaklarından qorumağı qarşısına məqsəd qoydu və 1991-ci ilin oktyabr ayında könüllü olaraq cəbhəyə yollandı. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında bir neçə kəndin azad olunmasında böyük şücaət göstərdi.

O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 rotasını dağıtmışdır.

1992-ci il martın 29-u. Son döyüş... Fərhad öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat keçirdi. Erməni qüvvələri sayca üstün olsa da döyüşdə düşmən xeyli canlı qüvvə itirdi. Xankəndi yaxınlığında artıq qüvvələrinin tükəndiyini görən Fərhad öz dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralını xilas etsə də, özü qəfil düşmən gülləsindən qəhrəmancasına həlak olur.

Fərhad Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakının Binəqədi rayonunda qəhrəmanın adına park salınmış və büstü qoyulmuşdur.

Qədir ASLAN,

"Respublika".