Qürurla anırıq: Rövşən Abdullayev
Sosial həyat

Qürurla anırıq: Rövşən Abdullayev

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev 1969-cu il yanvar ayının 16-da Lerik rayonunda ziyalı ailəsində dünyaya göz açıb. Atası Əbdülhüseyn Abdullayev uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışıb. Ömrünün 24 ilini Lerik və Astara rayonlarında polis şöbəsinin rəisi kimi məsul vəzifədə işləyib.

Rövşən orta məktəbdə oxuyarkən atası kimi polis işçisi olacağını, asayişin, haqq-ədalətin keşiyində duracağını qərara alıb. Atasının xidməti vəzifəsi ilə əlaqədar ailələri Astara rayonuna köçüb. Rövşən orta təhsilini Astara şəhər 1 saylı tam orta məktəbdə alıb. Əla qiymətlərlə oxuyub, idmanla məşğul olub. Bir sıra məsul yarışlarda Astaranın idman şərəfini qoruyub.

 1987-ci ildə imtahanlardan yüksək nəticə qazanıb keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbə daxil olub. Təhsilini başa vurduqdan sonra Rostov Şəhər Daxili İşlər Şöbəsində polis zabiti kimi əmək fəaliyyətinə başlayıb.

1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən məlum hadisələrdən çox sarsılır, dərin narahatçılq keçirir. Çətin gündə Vətəndə xidmət etməyi özünə mənəvi borc bilir. 1991-ci ildə Azərbaycan DİN-in Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində siyasi şöbənin rəisi vəzifəsinə təyin olunur.

O vaxt Milli ordu hələ formalaşmadığı üçün Ermənistanla sərhədboyu rayonlarda soydaşlarımızın asayişini polis işçiləri qoruyurdu. Rəhbərlik Rövşənin cəsarətini, fədakarlığını, peşəkarlığını yaxşı bilirdi. Nümunəvi xidməti, şəxsi keyfiyyətləri nəzərə alınaraq 70 nəfərdən ibarət taqıma komandir təyin olunur. Gənc əsgərlərə təlim keçir, onları namərd düşmənlə döyüşə hazırlayırdı. 1992-ci ilin iyun ayında 70 nəfərlik şəxsi heyətlə Zəngilan rayonuna ezam olunmuşdu. Mühüm strateji əhəmiyyətə malik olan Qazançı kəndində post qurub əraziyə nəzarət edirdilər. Düşmən bu kəndi almağa dəfələrlə cəhd göstərmiş, lakin Rövşənin ayıq-sayıqlığı, peşəkarlığı sayəsində geri oturdulmuşdu. Düşmən bu strateji əhəmiyyətli ərazini götürsəydi, Zəngilan və Qubadlı rayonlarını çox asanlıqla işğal edəcəkdi. Məqsədləri də Qazançı kəndini ələ keçirmək idi.

Hərbi hissənin ərzaq, silah-sursat anbarı qonşu Şayıflı kəndində yerləşirdi. Növbəti dəfə ərzaq, silah gətirmək üçün Rövşən 6 əsgərlə Şayıflı kəndinə gedir. İgid komandir maşınlarının vurulduğunu görüb əsgərlərə yolun aşağı hissəsində çaya enməyi və su borularında gizlənməyi əmr edir. Özü mövqe seçib düşmənlə təkbaşına döyüşür. Sərrast atəşlə bir neçə erməni yaraqlısını məhv edir. Sonra ayaqüstə döyüşü davam etdirir. Düşmən mərmisi sağ ayağının bud hissəsini və sağ qolunu ağır zədələyir. Əsgərlər cəsur komandiri qan içində döyüş meydanından çıxarırlar. Yolda çoxlu qan itirdiyindən gözlərini əbədi yumur.

Rövşən subay idi. Ömrünün gənclik çağında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ümummilli lider Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Böyük izdihamla Lənkəran şəhər qəbiristanlığında torpağa tapşırılıb. Atası polis orqanlarında şərəfli xidmət keçmiş, yüksək insanpərvərliyi, xeyirxahlığı, humanistliyi ilə böyük hörmət, nüfuz qazanmış Əbdülhüseyn Abdullayevlə qoşa uyuyur.

Qardaşlarından tibb üzrə fəlsəfə doktoru, respublikamızda tanınmış travmotoloq-həkim Tofiq, istefada olan polis polkovniki Rafiq, polis polkovnik-leytenantı Azad, qardaşı oğlu, polis kapitanı Elşən, bacısı oğlu, polis mayoru Emil və doğmaları onun yarımçıq qalmış arzularını yaşadırlar.

Lənkəran şəhərinin mərkəzində Milli Qəhrəman Rövşən Abdullayevin büstü ucalır. Büstünün ətrafında salınmış park adını daşıyır. Lənkəran və Astara şəhərinin küçələrindən birinə, Lerik şəhərinin mədəniyyət evinə qəhrəmanın adı verilib.

Şəhidlik ən uca məqamdır. Rövşən kimi Vətənini, torpağını, xalqını canından artıq sevənlər, dağ vüqarlı qeyrətli, igid oğullar heç vaxt unudulmur.

Əlisəfa HƏSƏNOV,

"Respublika".