Ramazan bərəkət ayı hesab olunur
Digər xəbərlər

Ramazan bərəkət ayı hesab olunur

Türkiyə

Ramazan ayı ''hicri-qəməri'' təqviminə görə 9-cu aydır. "Qurani-Kərim"in nazil olunduğu bu ay İslam dünyasına görə ən xeyirli və bərəkətli ay hesab olunur. Bu və buna bənzər xüsusiyyətlər baxımından Ramazan ayı müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Allahın fərz buyurduğu İslamın 5 şərtindən biri olan oruc məhz bu ayda tutulur, müsəlmanlar təravih namazı, iftar və sahur kimi ibadətlərlə məşğul olurlar.

İmam Hatibi Lütfi Taşçı Ramazan ayında oruc tutmağın vacib olduğunu bildirib. O deyib: ''Peyğəmbərimiz buyurur: İnsanın Ramazan ayında etdiyi yaxşılıq başqa aylardakı fərz kimidir. Əgər insan bu ayda bir yaxşı iş görsə, 70 vacib savab qazanar. Ramazan ayında "Qurani-Kərim"in nazil olduğu üçün Quran oxumaq, namazlarda iştirak etmək savabdır".

Ramazanda iki mühüm məsələ var. Bunlar iftar və sahurdur. Peyğəmbərimiz (s) iftarın əhəmiyyətindən bəhs edərkən, "Orucun iki sevinci vardır. Biri iftar, digəri isə Allahla görüş vaxtıdır". İftar vaxtı bəndə ilə Allah arasında pərdə yoxdur o an bəndə Allahdan nə diləsə də, Allah onun diləyini bu gün, sabah və ya axirətdə mütləq qəbul edər. Allah, "Mənə dua edin ki, duanızı qəbul edim" əmr edir. Bu səbəbdən Ramazan ayını çoxlu dua etməklə keçirmək lazımdır.

Təbii ki, bu mübarək ayda ac-susuz olanların, evsizlərin qayğısına qalmalıyıq. Peyğəmbərimiz bildirib ki, oruc tutana iftar süfrəsi verən şəxs oruc tutanın savabını alır və oruc tutanın savabından heç bir şey azalmır. İftar dəvətlərində də birlik var. Xəzinənin sahibi isə Allahdır.

Ramazanda ən vacib yemək sahur hesab edilir. Bu mövzuda bir hədis də var. Sahur yeməyi yeyin, çünki çox məhsuldardır. İnsan heç nə yeməsə belə, sahura qalxıb bir stəkan su içməklə, sahurun bərəkətini evinə və həyatına əks etdirir. Bütün ilin ən məhsuldar dövrü hesab edilən Ramazan ayında məzlumlar üçün də dua etməliyik. Dua təkcə şifahi deyil, həm də əməldə edilməlidir. Ona görə də yardımlarımızı ehtiyac sahiblərinə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməliyik.

Xatırladaq ki, oruc tutmaq istəyən diabetli və ürək-damar xəstəlikləri olan xəstələr Ramazan ayından əvvəl mütləq həkimləri ilə görüşməli və klinik vəziyyətləri qiymətləndirildikdən sonra oruc tutmalıdırlar. Məsələn, Tip 1 və Tip 2 diabetli xəstələrin oruc tutması, onların həyatı üçün təhlükəli ola bilər.

Ürək-damar sağlamlığı baxımından risk altında olan, lakin həkimi tərəfindən nəzarətli şəkildə oruc tutmağa icazə verilən xəstələr üçün su balansı yaxşı tənzimlənməlidir. Su balansı yaxşı tənzimlənməzsə, hipovolemiya (orqanizmin susuzlaşması) səbəbindən ürəyin iş yükünün artması, huşunu itirmə, infarkt və ölüm kimi hadisələr də baş verə bilər.

Ramazan ayında kifayət qədər yatmaq beynin düzgün qərar vermə mexanizmi və yaddaş, məntiqi təfəkkür kimi idrak funksiyaları üçün böyük əhəmiyyət daşıyır. Kifayət qədər yuxu almamaq isə səhv qərarlar qəbul etməyə, gün ərzində əsəbi olmağa, baş ağrılarına və stres yüklərinə səbəb olur. Bütün bunlar birbaşa və ya dolayı yolla ürəyin iş yükünü artırır və arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Bu baxımdan, iftardan sonra sahura qədər ən azı 4 saat fasiləsiz gecə yatmaq, sahurdan sonra bir neçə saat daha yatmaq, gün ərzində 20 dəqiqəlik kiçik yuxu fasilələri vermək tövsiyə olunur.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.