REGİONAL TƏHSİL: MÜASİR İDARƏETMƏNİN UĞURLARI
Elm və təhsil

REGİONAL TƏHSİL: MÜASİR İDARƏETMƏNİN UĞURLARI

"Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır". 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun uğurla həyata keçirilir. Dövlətimizin başçısı təhsilin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqətdə saxlayır. Son illər bu sahədə gerçəkləşən irimiqyaslı layihələr, Dövlət proqramları bunun bariz nümunəsidir.

Möhtərəm Prezidentimizin yüksək diqqət və qayğısı nəticəsində təhsil sektorunda islahatlar daha da dərinləşib. Ölkə başçısının 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyinin bütün rayon/şəhər şöbələri ləğv edilərək, onların bazasında regional təhsil idarələrinin yaradılması bu sahədə aparılan uğurlu islahatların davamıdır. "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın icrası, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər görülür.

Artıq bir ildən çoxdur ki, respublikamızın digər bölgələrində olduğu kimi, cənub bölgəsində də yeni qurum - Lənkəran-Astara Regional Təhsil İdarəsi fəaliyyət göstərir. Bir il ərzində idarədə hansı işlər görülüb? Regionun təhsilində nə kimi dəyişikliklər baş verib? Yeni dərs ilində təhsil işçiləri qarşısında hansı vəzifələr durur?

Müsahibimiz, təcrübəli təhsil işçisi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov ötən bir ildə görülmüş işlər barədə ətraflı məlumat verərək dedi:

- Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə regional təhsil idarələrinin yaradılması zamanın tələbi idi. Təhsil sahəsində optimallaşdırma və rasionallaşdırma ilə bağlı bir sıra işlər görülür. Təhsildə idarəetmənin regionallaşması şəffaflığın artırılması, idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi, bu sahəyə kənar müdaxilələrin minimuma endirilməsi baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, yerli idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində olduqca vacib bir addımdır.

Lənkəran-Astara Regional Təhsil İdarəsi məktəblərin və şagirdlərin sayına görə respublika üzrə öncül yerdədir. İdarənin əhatə etdiyi Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 341 tam orta, 149 ümumi orta, 63 ibtidai, ümumilikdə 553 məktəbdə 127263 şagird təhsil alır. 

Əvvəlki tədris ili ilə müqayisədə 39 məktəbəhazırlıq qrupu, 81 sinif komplekti azalıb. Fərdi təhsilə 246 nəfər şagird cəlb edilib. Bu, 2021-2022-ci dərs ili ilə müqayisədə 16 faiz azdır. Evdə təhsilə cəlb olunan şagirdlərin sayında da 20,2 faiz  azalma qeydə alınıb.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil ocaqlarının yeni, müasir inventar və avadanlıqlarla təchizatına diqqət artırılıb. Yeni dərs ilinə hazırlıqla əlaqədar bir sıra təhsil müəssisələrində tikinti, əsaslı və cari təmir işləri görülür. Cəlilabad rayonunun Sərhədabad kənd tam orta, Masallı rayonunun Qəzvinoba kənd ümumi orta məktəbləri üçün yeni binalar, 13 kənddə modul tipli məktəblər tikilir. Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta, Mamusta kənd M.Fərzullayev adına tam orta,  Cəlilabad rayonunda Sabirabad kənd 2 nömrəli tam orta məktəblər əsaslı təmir,  Lənkəranda 10 məktəb, Astarada 4, Masallıda 10, Cəlilabadda 7, Lerikdə 6 və Yardımlı rayonunda  2 məktəb isə cari təmir edilir.

Regional təhsil idarəsinin fəaliyyəti təhsilin idarə olunmasında müsbət dəyişikliklərə, tədrisin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradıb. Bunu şagird nailiyyətlərinin təhlilindən də görmək mümkündür. 2022-2023-cü tədris ilində regionun ümumi təhsil müəssisələrini 166 məzun fərqlənmə attestatı ilə bitirib. Onlardan 77 nəfər ümumi orta təhsil səviyyəsi, 89 nəfər isə tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülüb.  Masallı rayonunun Sığıncaq kənd tam orta məktəbinin məzunu Rövnəq Cəfərov təhsildə qazandığı xüsusi nailiyyətlərə görə məktəbi "Qızıl nişan"la, Lerik şəhər  1 nömrəli texniki fənlər təmayüllü liseyin məzunu Türkanə Hüseynli isə "Gümüş nişan"la bitirib.

Təhsil ocaqlarını qızıl və gümüş nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən məzunlara, respublika fənn olimpiadalarının, Beynəlxalq STEAM Azərbaycan Festivalının final mərhələsinin, "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsinin, "Əlaçı" televiziya layihəsinin və "Hakaton" yarışmasının qaliblərinə diplom və mükafatlar təqdim olunub.

 Məktəb direktoru, direktor müavinləri, təsərrüfat müdiri, tədris-yardımçı heyət, psixoloq və mühasiblərin işə qəbulu ilə əlaqədar imtahan və müsahibələr şəffaf qaydada keçirilir. Direktorların  işə qəbulu üzrə test imtahanında müvafiq keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsini keçiblər. Müsahibədə 512 nəfər iştirak edib, onlardan 66 nəfər uğur qazanaraq direktor vəzifəsinə təyinat alıb. Bununla yanaşı, məktəb direktoru vəzifəsinə 53, bağça müdiri vəzifəsinə 14 vakant yer vardır. İşə qəbul olunmuş tədris-yardımçı heyət və texniki işçilərdən 69 nəfər şəhid, 205 nəfər aztəminatlı ailələrin üzvləri, 105 nəfər qazi və hərbçilərdir.

İl ərzində regional idarədə 5302 müraciət qeydə alınıb. İdarənin müdiri Elxan Nəcəfov tərəfindən 1034 nəfər, idarənin əməkdaşları tərəfindən inzibati binanın vətəndaş qəbulu otağında 1111 nəfər, rayon təhsil sektorlarının müdirləri tərəfindən 1863 vətəndaş qəbul edilib. Müraciətlərin 1973-ü sosial şəbəkələrdən, 135-i çağrı mərkəzindən daxil olub. Bundan əlavə, regional idarənin rəhbərliyi və rayon təhsil sektorlarının müdirləri yerlərdə keçirilən səyyari qəbullarda da vətəndaşları həssaslıqla dinləyir, müraciətlərini operativ qaydada həll etməyə çalışırlar.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ilk dəfə Astara rayonunda respublika təhsil festivalı keçirilib. Elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, universitet rektorları, rayon rəhbərləri, nüfuzlu alimlər, tanınmış ziyalılar, 10 minə yaxın rayon sakini festivalda iştirak edib. Festivalda Azərbaycan təhsilinin, o cümlədən Lənkəran-Astara Regional Təhsil İdarəsinin uğurlarını əks etdirən stendlər, şagirdlərin əl işləri, rəsm əsərləri nümayiş olunub.

Regional təhsil idarəsi tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə artırılması, təhsilalanların və təhsilverənlərin hüquqlarının təmin olunması məqsədilə müntəzəm olaraq vebinarlar, sertifikatlaşdırma prosesinə dair məlumatverici görüşlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin uğurları göstərir ki, rayonlar üzrə idarəçilikdən region üzrə idarəçiliyə keçid daha səmərəli və effektlidir. Yeni idarəetmə strukturu, işlək mexanizm həm təhsilverənlər, həm də təhsilalanlar üçün geniş imkanlar açır. Təhsilin inkişafı  və gələcək perspektivlərlə bağlı məsələlər operativ qaydada öz həllini tapır. Təhsil işçiləri, şagirdlər, valideynlər artıq bunun nəticəsini aydın görürlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".