Regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində mühüm addımlar atılır
Digər xəbərlər

Regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində mühüm addımlar atılır

Ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin respublikamıza ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələrdə nəzərəçarpacaq dərəcədə yüksəliş dövrü başladı. Dövlət quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar ölkə iqtisadiyyatının hərtərəfli inkişafına imkan yaratdı. Ümummilli Liderimizin gələcəyə hesablanmış uzaqgörən siyasəti sayəsində zəngin təbii resurslara malik olan ölkəmizin yeraltı, yerüstü sərvətlərindən düzgün istifadə etməklə irimiqyaslı layihələrin reallaşdırılması istiqamətində böyük işlər görüldü. Xarici investorlar tərəfindən ölkəmizə investisiya axını başladı, bazar iqtisadiyyatı mexanizmi əsasında yerli və xarici sahibkarlıq inkişaf etdirildi. Beləliklə, müstəqilliyini bərpa etmiş Azərbaycan uğurlu neft strategiyası həyata keçirməklə əldə olunan irəliləyişləri qeyri-neft sektoruna tətbiq edərək gündən-günə inkişaf edən, güclü iqtisadiyyata, demokratik əsaslara malik ölkəyə çevrildi. Qısa zaman müddətində qazanılan nailiyyətlər respublikamızda iqtisadiyyatın dirçəldilməsinə, həmçinin bütün sahələrin tərəqqisinə yol açdı. İntensiv, dinamik inkişaf tempi respublikamızın bütün regionlarında özünü büruzə verdi. Regionların sosial-iqtisadi inkişafı 2003-cü ildən yeni keyfiyyət mərhələsinə yüksəldi. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən etibarən regionlarda şəhər, qəsəbə və kəndlərin əsaslı şəkildə bütün sahələr üzrə inkişaf etdirilməsi, ən ucqar rayonlarda belə infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşması və əhalinin rifahının yüksəlməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Düşünülmüş siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu məqsədlə dövlət başçısı İlham Əliyevin imzaladığı regionların inkişafına yönəlmiş dörd Dövlət Proqramı çərçivəsində həyata keçirilən islahatlar qısa zaman ərzində özünü bütün sahələrdə büruzə verdi.

"Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bu sahədə görülən işlərin başlanğıcı oldu. 2004-2008-ci illəri əhatə edən proqramda respublikanın rayonlarında iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri öz əksini tapmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirmək, istehsalı şaxələndirmək, ixracyönümlü məhsul istehsalını stimullaşdırmaq, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşması üçün yerli sahibkarlığa geniş imkanlar yaratmaq, məşğulluğun səviyyəsini artırmaq və bütün bunların fonunda ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaq proqramın əsas məqsədi olaraq müəyyənləşdirilmişdir.

Ölkə başçısı İlham Əliyevin göstərişi ilə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində bölgələrdə yaşayan əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, rayonların sosial-iqtisadi problemlərinin əksər hissəsi öz həllini tapmışdır. Bu illər ərzində orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergilərin dərəcələrinin optimal həddə azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti mühüm məsələ olaraq dövlətin nəzarətində saxlanılmışdır. Həmçinin, ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulmuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verilmiş, sahibkarlıq mühiti daha da yaxşılaşmış, iqtisadiyyata investisiya qoyuluşları artmış, əhalinin məşğulluq səviyyəsi yüksəlmişdir.

Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi bu sahədə atılan daha bir uğurlu addım oldu. Proqramın icrası ilə ölkə iqtisadiyyatının diversifikasiyası və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olundu. Proqram çərçivəsində ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafı təmin edilmiş, infrastruktur təminatı yaxşılaşdırılmış, sahibkarlıq mühiti formalaşmış, iqtisadiyyata investisiyaların cəlb olunması əvvəlki illərlə müqayisədə daha da artmış, ölkənin ixrac potensialı yüksəlmiş, regionlarda müasir tipli infrastruktur obyektlərinin sayı çoxalmış, əhalinin məşğulluq səviyyəsinin artırılması və bunun fonunda yoxsulluq səviyyəsinin aşağı düşməsində mühüm nəticələr əldə olunmuşdur. Regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, kənd təsərrüfatı məhsullarının emal müəssisələrinin bərpası və aqrar islahatlar uğurla başa çatdırılmışdır.

Növbəti illərdə də ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kənd yerlərinin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin regionların inkişafında məqsədyönlü siyasətinin davamı olaraq 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə imzalanmış "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılmışdır.

 Proqramın icrasının həyata keçirildiyi müddətdə ölkə iqtisadiyyatında orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin stabil saxlanılması, vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi, taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi əsas məsələlər olaraq diqqət mərkəzində saxlanılmışdır. Ümumi Daxili Məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisi yüksəldilmiş, aqrar sektor inkişaf etdirilmiş, regional iqtisadi əlaqələr genişləndirilmiş, regionlarda sahibkarlıq fəaliyyəti üçün daha əlverişli vergi mühiti yaradılmışdır. Bütün bunlar regionlarda kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi, regionların inkişafı üzrə səylərin dəstəklənməsinə istiqamətlənmişdir. Proqramın icrasında ölkənin qeyri-neft sektorunun inkişafında əsas sahə olan kənd təsərrüfatının inkişafına yönələn ardıcıl islahatlar və yeni texnologiyaların cəlb edilməsi prioritet təşkil etmişdir. Belə ki, aqrar bölmənin xammal istehsalı və emalı sahələri əlaqəli inkişaf etdirilmiş, aqrar bölməyə maliyyə dəstəyi artırılmış, o cümlədən bitkiçilik və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və bu sahədə təsərrüfat subyektlərinin fəaliyyəti stimullaşdırılmış, iri taxılçılıq və ya toxumçuluq, tingçilik, üzümçülük, intensiv bağçılıq təsərrüfatları yaradılmışdır. Eyni zamanda, Azərbaycanın yerli məhsullarının dünya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakı yüksək səviyyədə təmin olunmuşdur.

Respublikamızın regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində ölkə başçısı İlham Əliyevin göstərişi ilə icrası həyata keçirilmiş və regionların sosial-iqtisadi inkişafını təmin etmiş 2004-2008, 2009-2013, 2014-2018-ci illər üzrə Dövlət proqramları çərçivəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə dördüncü proqram - "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir.

Ölkə başçısının məqsədyönlü, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş uzunmüddətli iqtisadi inkişaf strategiyası regionların davamlı və tarazlı inkişafını təmin edir. Dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsi bu siyasətin əsasında dayanır. Bu baxımdan, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlərin daha da artırılması, regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, iqtisadiyyatın şaxələndirilməsi, bazar infrastrukturunun modernləşdirilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və s. 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında həlli vacib məsələlər olaraq nəzərdə tutulmuşdur. Regionlarda yeni innovasiyalara əsaslanan məhsul və xidmət istehsalı sahələrinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, bununla da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə həyata keçirilən 2004-2008, 2009-2013 və 2014-2018, 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının əsasında ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi və vətəndaşların məmnunluğu, dövlətimizin, xalqımızın maraqları dayanır.

Mehparə ƏLİYEVA,

"Respublika".