Regionumuza yenidən müharibə gətirmək istəyirlər
Siyasət

Regionumuza yenidən müharibə gətirmək istəyirlər

Məlum olduğu kimi, Avropa İttifaqının 27 dövlətindən 23-nün nümayəndəsi Ermənistanda mülki missiya çərçivəsində fəaliyyət göstərir, lakin regiona sülh və təhlükəsizlik gətirilməsi ilə bağlı hələ ki, heç bir arqument yoxdur. Əksinə, Ermənistan qərb blokuna daha da yaxınlaşır.

Yeri gəlmişkən, Azərbaycan dövləti bu prosesin əvvəlcədən əleyhinə olub. Avropadan Ermənistana gələn nümayəndələrin faktiki olaraq niyyəti bilinmədiyindən ortaya heç bir nəticə çıxmayacaqdır. Bununla yanaşı, Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması növbəti təxribatdır. İndi isə daha dörd Avropa dövlətinin də bu prosesə qatılması gözlənilir. Eyni zamanda, Kanada nümayəndələrinin də Ermənistana səfəri planlaşdırılır.

Avropalı parlamentarilərin regiona sülhdən daha çox müharibə ovqatı gətirməsi Cənubi Qafqazı təhlükə altında qoyur. Çünki avropalı parlamentarilər təkcə Ermənistan hökuməti və rəsmiləri ilə təmasda olmayıblar. Onlar eyni zamanda Qarabağdan getmiş və bu günlər Ermənistanda məskunlaşmış separatçı rejimin tör-töküntüləri ilə də görüşüblər. Hesab edirəm ki, bu müzakirələr separatizmin, revanşizmin dəstəklənməsi anlamına gəlir. Nəzərə alsaq ki, bir müddət əvvəl Ermənistan mediasının məlumatına görə, separatçılar "Marriott" otelində qapalı toplantı keçirib. Toplantıda Samvel Şahramanyanla yanaşı, artıq mövcud olmayan qondarma "parlamentin keçmiş rəhbəri" olmuş Aşot Qulyan, qondarma "deputatlar" və digər separatçılar iştirak edib.

Əsas müzakirə obyekti isə Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin yenidən Qarabağa qaytarılması məsələsi olub. Onlar üçün xüsusi status və yaxud da ki, beynəlxalq zəmanət iddiaları müzakirə predmetinə çevrilib. Göründüyü kimi, sanki bir mühacir hökuməti formalaşdırmaq istəyirlər və şübhəsiz ki, bu davranış fonunda avropalı parlamentarilər də separatçılarla görüşür və müzakirə aparırlar. Deməli, onlar heç bir halda "sülh göyərçini" deyillər, regionumuza yenidən od, alov, müharibə gətirmək istəyirlər.

Elman NƏSİROV,

Milli Məclisin deputatı.