Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti region dövlətləri arasında getdikcə artır. Son illərdə Avrasiya məkanında baş verən geosiyasi proseslər və enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini enerji təhlükəsizliyini təmin etmək məqsədilə yeni mənbələr axtarmaq məcburiyyətində qoyur. Bu baxımdan, regionun əsas neft ölkələrindən biri kimi Azərbaycan ön planda çıxış edir. Bu mənada Avropanın alternativ mənbələrə çıxışda və enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi qiymətləndirməsi, alternativ enerji təminatçısı kimi onu seçməsi də təbiidir. Azərbaycan sabit və etibarlı imici ilə diqqət çəkir. Ekspertlərin də bildirdiyi kimi, ölkəmiz enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır. Azərbaycan Respublikası Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti "Əsrin müqaviləsi" ilə regionun ilk neft istehsalçılarından olan Azərbaycanı beynəlxalq enerji arenasında birbaşa iştirakçıya çevirdi. Azərbaycanda külək və günəş enerjisi potensialı kifayət qədərdir və bu sahədə mühüm işlər aparılır. Külək enerjisi potensialı üzrə Xızı və Abşeron yarımadasının qərb hissəsi, Günəş enerjisi potensialı üzrə isə Naxçıvan əlverişli ərazilərdir.
Azərbaycan gündən-günə inkişaf edir və sürətlə yenilənir. Hətta bir sıra istiqamətlərdə dünyada və regionda lider qismində çıxış edir. Əldə etdiyimiz bu nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da öz əksini tapıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl" texnologiyaları və enerji səmərəliliyini təmin etmək məqsədilə işçi qrupu yaradılmışdır. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli sərəncamı ilə qəbul edilmişdir. Azərbaycan Respublikası sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu mərhələdə "yaşıl" texnologiyaların inkişafına üstünlük verərək ekoloji çirklənmənin qarşısını almaq kimi mühüm məsələlər də öz həllini gözləyir. İşğaldan azad edilmiş ərazilərimizin də böyük həcmdə bərpaolunan enerji imkanları var. Orada 4 000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Həmçinin Qarabağ bölgəsi Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Təsadüfi deyil ki, yerli su ehtiyatlarının 25 faizi bu ərazidə formalaşır. Bununla yanaşı, regionda digər mühüm enerji obyektləri, gücü 200 MVt olan "Xudafərin" və 80 MVt gücündə "Qız Qalası" hidroqovşaqları fəaliyyət göstərir. Azərbaycan Respublikası ərazisində "Yaşıl" kənd və ya "Ağıllı" kənd, həmçinin Qarabağda "Ağıllı" şəhər və kəndlərin salınması isə bu sahədə əsası qoyulmuş ən böyük işlərdəndir. Qarabağ bölgəsində qurulan "ağıllı" şəhər və kəndlər ətraf qonşularımıza da nümunədir. Bu da beynəlxalq arenada "ağıllı şəhər"lərin tətbiqi üçün bünövrə ola bilər. Bərpaolunan enerji potensialımız 27 000 MVt təşkil edir. Ayrılıqda isə külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. Bu isə "yaşıl enerji" sahəsində Azərbaycanın beynəlxalq arenada bir çox ölkələrdən fərqli imkanlara malik olduğunun göstəricisidir. Yaşıl enerji məsələsində atılmış ən mühüm addımlardan biri də ötən il Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasıdır. Bununla da Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir. Həmçinin ölkə başçımızın bu il aprelin 25-də Bolqarıstana rəsmi səfəri çərçivəsində Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu" imzalanıb. Memoranduma əsasən, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 6-dan 10-a çatdırılacağı bildirilib. Memorandumda Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi və bu sahədə əldə edilən gəlirlərin səviyyəsinin artırılması nəzərdə tutulub.
Bildirək ki, "Yaşıl enerji"yə daxil olan enerjilərdən başlıcası elə günəş enerjisidir. "İldə 250-dək günəşli gün olduğu Azərbaycan Günəş enerjisinin istismarı üçün əlverişli ölkələrdəndir". Bu fikri Rusiyanın "Günəş Enerjisi Müəssisələri Assosiasiyası" İctimai Birliyinin rəhbəri Anton Usaçev bildirib. O, həmçinin vurğulayıb ki, son vaxtlar xeyli ucuzlaşan günəş panellərinin həm sənayedə, həm də fərdi evlərdə get-gedə daha geniş tətbiq olunması ictimai nəqliyyatın da günəş enerjisilə təchiz edilməsi məsələsini gündəmə gətirib. Hazırda daha çox elektrobuslarda batareyaları doldurmaq üçün günəş enerjisindən istifadə olunur. Belə ki, dam hissənin genişliyi elektrobusları günəş panellərinin quraşdırılması üçün əlverişli edir. Bununla məsələn, salondakı kondisionerlər üçün kifayət həcmdə enerji əldə etmək mümkündür. Şübhəsiz, Azərbaycan ərazisində günəş enerjisinin yüksək miqdarı bu kimi layihələri həyata keçirmək üçün əlverişli zəmin yaradır.
Külək enerjisi təbiətdə ən geniş yayılmış təhlükəsiz bərpaolunan və təmiz enerji mənbələrindəndir və bu enerji hava axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən əldə edilir. Həmin enerjini istifadəyə yararlı elektrik enerjisinə çevirmək üçün isə külək turbinindən istifadə edilir. Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatına əsasən Azərbaycan regionda külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir.
Həmçinin ölkəmiz ötən ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu da imzalayıb. Memoranduma əsasən 2027-ci ilə qədər illik qaz ixracının 20 milyard kubmetrə çatdırılması gözlənilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Rusiya etibarlı enerji tərəfdaşı deyil. Buna görə də Aİ-nin Azərbaycan timsalında daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutduğunu bildirib. Azərbaycan bir çox Avropa ölkələrinin qaz istehlakının 80 faizini, digərlərinin isə 15-20 faizini təmin edir. Bu addımlar ABŞ prezidenti tərəfindən də dəstəklənir. O, Azərbaycan Prezidentinə ünvanladığı son məktubunda qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
Qeyd edək ki, bu il ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edən növbəti "Bakı Enerji Həftəsi" keçirilib. Ölkə başçımız çıxışı zamanı vurğulayıb ki, Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev həmçinin bildirib: "Artıq qeyd edildiyi kimi, 30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın - ulu öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı ulu öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz "Əsrin müqaviləsi" imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu".
Töhfə SƏMƏDOVA,
"Respublika".