Regionun nümunəvi film studiyası
Mədəniyyət

Regionun nümunəvi film studiyası

Müharibədən sonra Azərbaycan üçün kino çox vacibdir

Avqustun 25-də Prezident İlham Əliyev və birinci xanımın Laçına səfəri çərçivəsində açılışı edilən müəssisələrdən biri də "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonu olub. "Kino müharibədən sonra Azərbaycan üçün çox vacibdir". Bu sözləri "Hoçazfilm" yaradıcılıq studiyasının açılışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva səsləndirib.

Studiyanın adı rəmzi məna daşıyır. Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülən studiya iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Bununla yanaşı, mərkəz yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.

Studiyanın fəaliyyəti beynəlxalq arenaya bir çox həqiqətləri çatdırmaqda körpü rolunu oynayacaq. Buna əsasən, Qarabağ regionunun təbliğatı ilə bağlı genişmiqyaslı layihələrin reallaşması, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Ölkə başçımız çıxışı zamanı deyib: "Xüsusilə indi Qarabağ müharibəsi ilə bağlı, ümumiyyətlə, mövzular çox ola bilər. Müharibənin özü, həm müxtəlif epizodlar, müxtəlif əməliyyatlar".

Region və digər dövlətlər üçün studiya bir çox imkanlar təqdim edir. Belə ki, həm kino, həm də digər audiovizual məhsulların çəkilişlərinə aid "Pre-production", "Production" və "Post-production" olmaq üzrə üç mərhələnin həyata keçirilməsi nəzərdə tutulub. Gələn qonaqların rahatlığı isə əsas prioritetlərdəndir. Belə ki, studiyanın tərkibində "Hochaz Hotel" və "Hochaz Kafe" də fəaliyyət göstərəcək. Həmçinin beynəlxalq standartlara uyğun olaraq tikilən pavilyonun texniki təchizatı, o cümlədən səs, işıq izolyasiyası olduqca yüksək səviyyədədir. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq "Hoçazfilm"in sifarişi əsasında hazırlanmış əl işidir. Pavilyonda ilkin mərhələdə nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Kinopavilyonun tələbata uyğun olaraq mütəmadi qaydada yeni dekorlarla zənginləşdirilməsi nəzərdə tutulub.

Artıq mərkəzdə ilk layihə həyata keçirilib. Belə ki, studiyada Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən "Qarabağ qubernatoru" bədii-sənədli filmi çəkilib. Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük siyasi güclərin işğalçılıq siyasəti, törətdikləri cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini tərənnüm və təbliğ etməkdir.

Şübhəsiz ki, film, ümumilikdə isə incəsənət sahəsi reallıqları dünyaya çatdırmaq üçün əsas vasitələrdəndir. Bu baxımdan, mərkəzdə qısa zaman ərzində silsilə sənədli filmlər çəkiləcək. Studiya mədəniyyət sahəsinin inkişafına dəstək olmağı və bölgənin kinematoqrafik irsini geniş şəkildə təbliğ etməyi prioritet seçib.

Töhfə SƏMƏDOVA,

“Respublika”.