Rusiya XİN-in rəsmi nümayəndəsi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını şərh edib
Siyasət

Rusiya XİN-in rəsmi nümayəndəsi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını şərh edib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında sülh sazişinin imzalanmasına dair tərəflərin ortaq niyyətini təsdiq edən birgə açıqlaması Moskvada məmnunluqla qarşılanıb.

“Respublika” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını şərh edərkən bildirib.

M.Zaxarova deyib: Bakı ilə İrəvan arasında erməni və azərbaycanlı hərbi qulluqçuların azad edilməsi üzrə razılaşmanı alqışlayırıq. Rusiya saxlanılmış şəxslərin “hamını hamıya” prinsipi üzrə mübadiləsi ideyasını ardıcıl şəkildə təşviq edib. Bu, etimadın qarşılıqlı möhkəmləndirilməsinə kömək edir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri üçtərəfli kompleks razılaşmaların məcrasında Ermənistan-Azərbaycan normallaşdırılması prosesinin irəliləməsi üçün yeni imkanlar açır”.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Rusiya İrəvanın xoş niyyətinin təzahürü kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləməsini, həmçinin Bakının Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini bəyan etməsini alqışlayır. Rusiya tərəfi (Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev) BMT-nin Çərçivə Konvensiyası üzrə ümumi razılaşmanın əldə edilməsi istiqamətində Bakı və İrəvanla görüşlər keçirib.