Şabranda məhsul yığımının qızğın dövrü
İQTİSADİYYAT

Şabranda məhsul yığımının qızğın dövrü

Qədim Şabran torpağında kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır. Cari təsərrüfat ilində rayonda aqrar sektorun fəaliyyəti mövcud şəraitə uyğun qurulmuş, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilmişdir. Hazırda təsərrüfatın bütün sahələrində qızğın iş gedir. Taxıl biçilir, meyvə dərilir, tərəvəz yığılır, yem tədarük olunur və sairə.

Kənd təsərrüfatı işlərinin gedişi barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ənvər Hüseynov məlumat verərək bildirir ki, rayonumuzun fermerləri əsasən taxıl, meyvə və tərəvəz istehsalı ilə məşğuldurlar. Taxılçılıq rayonumuzun iqtisadiyyatında mühüm yer tutur. Cari ilin məhsulu üçün rayonda 14685,5 hektarda taxıl (o cümlədən 8167,3 hektar buğda, 6518,5 hektar arpa) əkilmişdir. Payızlıq və yazlıq əkin sahələrində aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə aparıldığından sahələrdə yaxşı məhsul yetişib. Artıq 15 gündən çoxdur ki, taxıl biçininə başlanılmışdır. Biçin kampaniyasının sürətlə və mütəşəkkil keçirilməsi məqsədilə rayon DAİM-i yanında qərargah yaradılmış, fermerlər arasında geniş maarifləndirmə işləri aparılmışdır. Biçinçilərə yanğın təhlükəsizliyi qaydaları bir daha izah olunmuşdur. Biçinə kifayət qədər kombayn çıxarılmış, onların hamısı işlək vəziyyətdədir. Biçin texnikasının 13 ədədi "Aqroservis" ASC-yə, 14 ədədi fermerlərə məxsusdur. İndiyədək 6 min hektarda arpa, 300 hektarda buğda biçilmişdir. Məhsuldarlıq orta hesabla 25 sentner təşkil edir. Onu da qeyd edək ki, mövcud taxıl sahələrinin yarıdan çox hissəsi dəmyə şəraitindədir.

Meyvə bağlarında da iş sürətlə davam edir. Bağbanlar ilboyu yetişdirdikləri meyvənin dərimi ilə məşğuldurlar. Qeyd edək ki, rayonumuzda 3353,88 hektar meyvə, 392,3 hektar üzüm bağları vardır. Son iki ildə fermerlərimiz tərəfindən 165,6 hektarda müxtəlif növ meyvə bağları salınmışdır. Bu günə kimi 100 hektardan çox bağın məhsulu yığılmışdır. Hazırda əsasən gilas və alça bağlarında dərim aparılır. Bağlardan indiyə kimi 250 tondan çox məhsul tədarük olunmuşdur.

Tərəvəz sahələrində kütləvi məhsul yığımına az qalmışdır. Fermer (ailə) təsərrüfatları 543,3 hektarda tərəvəz, bostan məhsulları yetişdirmişlər. Sahələrdə pomidor, xiyar, bibər, badımcan, kartof və digər məhsulların yığımına başlanmışdır. Bundan əlavə, kənd əməkçiləri 1032,4 hektarda yem bitkilərinə qulluq göstərmişlər. Sahələrdə yem tədarükü işləri də sürətlə davam edir.

Ziyafəddin BAYRAMOV,

"Respublika".