Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Biləsuvarda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Həsənli Telman Rafiq oğlunun xatirəsi ehtiramla anıldı.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşdülər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anıldı və bildirildi ki, Azərbaycan xalqının qüruru, fəxr i olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Həsənli Telman Rafiq oğlu -- 1998-ci il martın 3-də Bağbanlar kəndində sadə, zəhmətkeş ailədə anadan olub. 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra şərəfli peşədən ayrılmayıb. Gizirlik məktəbini bitirib düşmənə yaxın təmas rayonlarının birində vətənə həvəslə xidmət etməyə başlayıb. Xidmət etdiyi hərbi hissədən valideynlərinə göndərilən təşəkkür məktubları, onun gələcək uğurlarından xəbər verirdi. Şanlı ordumuzun cəsur döyüşçüsü, tank komandiri Telman Həsənli döyüşlərin birində yaralansa da, qənimət kimi bir düşmən tankını da özü ilə gətirə bilmişdi. O, Xocavənd, Füzuli və Zəngilan istiqamətində, Xudafərinin alınmasında qanlı döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olub. Telman Həsənli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Həsənli Telman Rafiq oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Ərəstun ABDULOV,
“Respublika”.