SEÇKİ TRENİNQLƏRİ
Region

SEÇKİ TRENİNQLƏRİ

7 fevral növbədənkənar prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfə bütöv Azərbaycan ərazisində keçiriləcək. Ölkəmizdə ədalətli, şəffaf və demokratik seçkinin təminatı üçün bütün mövcud şərait yaradılmışdır.

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təsdiqlənmiş Təqvim Planına əsasən, 52 saylı Yevlax seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə onların hazırlığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı dairə seçki komissiyasında treninq təşkil olunur. Tədbirin bütün iştirakçılarına təlimlərdə, istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, bir sıra digər zəruri material və vəsaitlər təqdim edilir. Eyni zamanda seçicilərin fəal iştirakına və ilk dəfə səs verəcək  gənclərin  maarifləndirilməsinə xüsusi önəm verilir.

52 saylı Yevlax seçki  dairəsinin sədri  Yaşar Abbasov bildirdi ki, qarşıdan gələn növbədənkənar prezident seçkilərinin Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilməsi üçün real, yüksək standartlara uyğun şərait yaradılmışdır. Bütün seçki məntəqələri  təmir olunmuş, komissiya üzvlərinin səmərəli işləməsi üçün normal şərait yaradılmışdır. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə  15 ədəd veb-kameralar quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunmuşdur. Məntəqələrdə seçki siyahılarının dəqiqləşdirilməsi həmişə diqqət mərkəzində saxlanılır. Prezidentliyə namizədlərin seçicilərlə qapalı və açıq şəraitdə görüşləri üçün müvafiq yerlər ayrılmış və yüksək səviyyədə şərait yaradılmışdır. Yevlax şəhəri Azərbaycan küçəsi 2-də yerləşən seçki dairəsində 55 məntəqə fəaliyyət göstərir ki, burada 53600 nəfər seçici qeydiyyata alınmışdır. Bunlardan 3926 nəfər ilk dəfə səs verənlər, 899 nəfər  yaşlı nəslin nümayəndəsi, 4 nəfər 100 yaşdan yuxarı olan vətəndaşlardır. Onların içərisində ən yaşlı Nübar İmanovadır. O, seçki günü məntəqəyə özü gələrək, layiqli namizədinə səs verəcəyini bəyan etdi. İlk dəfə səs verəcək gənclərlə görüşümüzdə onlar ilk səslərini Azərbaycanın yüksəlişinin və tərəqqisinin qarantı olacaq namizədə verəcəklərini bildirdilər.

Zabit XƏLİLOV,

"Respublika".