“Sədaqətim şərəfimdir”
Sosial həyat

“Sədaqətim şərəfimdir”

44 günlük Vətən müharibəsini xalqımız tarixi Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı bu möhtəşəm qələbənin sevincini hər bir azərbaycanlı böyük qürur hissi ilə yaşayır. Otuz illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində İmişli rayonunun da igid, mərd oğulları qəhrəmanlıq göstərdilər. Belə oğullarımızdan biri də 36 yaşında şəhidlik zirvəsinə yüksələn XTQ-nın giziri İmişli rayonunun Otuziki kəndində dünyaya gələn Quliyev Əli Tədbir oğludur.

İmişli Rayon Mədəniyyət Mərkəzində qəhrəman şəhidimiz Əli Tədbir oğlunun xatirəsinə həsr olunmuş “SƏDAQƏTİM ŞƏRƏFİMDİR” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdən əvvəl mədəniyyət işçilərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirildi. Tədbirdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər və rayon ictimaiyyəti iştirak etdilər.

 

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tədbirdə çıxış edərək bildirdi ki, ərazi bütövlüyümüz bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Dövlətimiz və xalqımız müharibədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsini daim əziz tutur, onların ailələrinə qayğı və diqqətni heç vaxt əsirgəmir. Sonra şəhid Əli Quliyevə həsr olunmuş videoçarx nümayiş olundu. Şəhidimizin atası Tədbir Quliyev və anası Almaz xanım Quliyeva övladlarının xatirələrini bölüşərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Əli Quliyev Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 27-də Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub və 28 oktyabrda anadan olduğu İmişli rayonunun Otuziki kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında, iştirakına hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və sucaətinə görə XTQ-nın giziri Quliyev Əli Tədbir oğlu ölümündən sonra “Cəsur döyüşçü,” “Vətən uğrunda,” “Cəbrayılın azad olunmasına görə,” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

Ərəstun ABDULOV,

“Respublika”.