ŞƏHİD ORXAN ƏSGƏROVUN İL MƏRASİMİ KEÇİRİLİB
Sosial həyat

ŞƏHİD ORXAN ƏSGƏROVUN İL MƏRASİMİ KEÇİRİLİB

İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olan Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun Gəncə şəhərində il mərasimi təşkil olunub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədə Baş konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Şəhər rəhbəri Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib.

Qeyd edək ki, şəhid Orxan Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb. Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.Allah rəhmət eləsin.

Zabit XƏLİLOV,

“Respublika”.