Şəhid xatirəsinə ehtiram
Region

Şəhid xatirəsinə ehtiram

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsidir.  Onların problemlərinin vaxtında və operativ həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması, daimi hörmət və ehtiram göstərilməsi, həmişə diqqət mərkəzində saxlanması ən ümdə məsələlərdəndir.

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyəti başçısı aparatının, YAP Yevlax rayon təşkilatının, şəhər Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin, Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin məsul şəxsləri, Şəhid ailələri, Vətən müharibəsi qaziləri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Paşayev Əvəz Telman oğlunun doğum günü münasibətilə Yevlax rayonun Hacıselli kəndinin  qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, şəhidin məzun olduğu Hacıselli kənd tam orta məktəbin şagirdləri tərəfindən onun xatirəsinə hazırlanan bədii kompozisiya nümayiş etdirilib.

Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi idmanın sambo növü üzrə rayon turnirinin qaliblərinə Fəxri fərmanlar şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.