Şəhidlər xiyabanının ilk döyüşçü qadını
Digər xəbərlər

Şəhidlər xiyabanının ilk döyüşçü qadını

Qadınlarımız mübariz olduqlarını təkcə ailə adlı qalanın qorunmasında deyil, hərbi libas geyinib hər qarış Vətən torpağı uğrunda əllərinə silah alarkən də nümayiş etdiriblər. Onlar snayperdən atəş açır, kəşfiyyata gedir, təyyarədə uçurdular. Arxa cəbhədə də ərlərinin, oğullarının, qardaşlarının ağır əməyini əvəz etmək onların zərif çiyinlərinə düşmüşdü.

1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Qarabağ müharibəsi dövründə Azərbaycanın 74 min hərbi personalından 2 mini qadın idi və onlardan 600-ü hərbi əməliyyatlarda birbaşa iştirak etmişdi. Azərbaycanın Milli qəhrəmanları - Qarabağ müharibəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi olmuşlar.

Tarix boyu ölkəmiz Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyub. Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları isə heç zaman unudulmayacaq. Vətən uğrunda canından keçmiş qadınlardan biridir Rəhilə Orucova.

Orucova Rəhilə Əli qızı 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oranı bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini paytaxtdakı 109 nömrəli məktəbdə davam etdirmişdir. 1981-ci ildə 1 nömrəli Bakı Tibb Məktəbinə daxil olmuş, buranı bitirdikdən sonra əvvəlcə Bakı təcili yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə M.Qədirli adına baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır. R.Orucova Milli Orduya könüllü yazılmış, ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi bir əsgər kimi vuruşmuşdur. Cəbhə yoldaşları və dostlarının dediyinə görə o hələ sağlığında tez-tez Şəhidlər xiyabanına gedər, şəhidlərimizin məzarlarını ziyarət edər, şəhid jurnalist Salatın Əsgərovanın məzarı qarşısında dayanaraq "heyif deyil bu dünyada Salatın kimi öləsən", - deyərək, belə qəhrəman ölümə həsəd apararmış. Yəqin ki, o vaxtlar Rəhilənin ağlına belə gəlməzdi ki, özü də Salatın Əsgərovanın məzarının bir neçə addımlığında şəhid kimi, əbədi olaraq uyuyacaqdır.

Rəhilə 1992-ci il mayın 11-də Ağdərə rayonunun Şıxarx istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. 13 may 1992-ci il xalqımızın igid qızı Rəhilə Orucovanın anım günüdür. Rəhilə Şəhidlər xiyabanında dəfn olunan ilk döyüşçü qadındır. Vətən, torpaq qeyrəti çəkib aparmışdı onu ön cəbhəyə. Əlinə silah alıb düşmənlə üzbəüz döyüşə atılmışdır. Neçə-neçə yaralı döyüşçümüzü ölümün ağzından alıb xilas etmiş, onlarla erməni quldurunu gülləyə hədəf etmişdir.

1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmiş və büstü qoyulmuşdur.

Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyuruq! Şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları isə heç zaman unudulmayacaq.

M.MİRZƏ,

"Respublika".