Şəhidlərimizin övladları üçün 3-cü
Sosial həyat

Şəhidlərimizin övladları üçün 3-cü "YAŞAT" düşərgəsi

İyulun 16-da "YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality"nin tərəfdaşlığı ilə 3-cü "YAŞAT" düşərgəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, düşərgənin ilk günündə ilkin olaraq Şamaxı şəhərinin müxtəlif yerlərinə ekskursiyalar edən uşaqlar sonra hotel ərazisinin oyun parkında maraqlı vaxt keçiriblər.

İyulun 17-də düşərgənin ikinci günündə iştirakçılar üçün psixoloqlarla görüş gerçəkləşib.

Düşərgənin açılış mərasimində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyubova, "PMD Hospitality" şirkətinin İdarə heyətinin üzvü Çağlar Göncüler iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad edilir. Eyni zamanda, bu cür düşərgələr onların yadigarlarının həm yeni biliklər və bacarıqlar əldə etmələrinə, həm də asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olacaq.

Mərasimdən sonra şəhidimiz Novruz Əsgərovun övladı Toğrul Əsgərlinin ad günü qeyd olunub.

Düşərgənin ikinci günü hoteldaxili əyləncə, stolüstü oyun saatı, ferma gəzintisi, günün sonunda isə əyləncəli proqramla davam etdirilib. Qeyd edək ki, ümumilikdə 300-dən çox uşağı əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

"Shamakhi Palace Sharadil" Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.

Sentyabr ayının əvvəlinədək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14, 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.

Hər düşərgədə sponsorlar və dəstəkçilər tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək. Düşərgənin tərəfdaşları "PMD Hospitality" şirkəti, "Shamakhi Palace Sharadil" Hoteli, baş sponsor Bakcell, sponsorlar "Nar", "PAŞA Bank" ASC, "BRAVO" supermarketlər şəbəkəsi, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.

M.MUSTAFAYEV,

“Respublika”.