Yüksək tibbi xidmət göstərilir
Region

Yüksək tibbi xidmət göstərilir

İsmayıllı

Xalqımızın rifahı üçün atılan addımlardan biri də keyfiyyətli tibbi xidmətin təşkili və bu sahədə köklü islahatların həyata keçirilməsidir. İcbari tibbi sığortanın tətbiqi, keyfiyyətli tibbi xidmət, pulsuz dərman və preparatlarla təminat və həmçinin tibb müəssisələrində müasir dövrün tələblərinə uyğun yeni idarəetmə sisteminin tətbiqi dövlət başçısının səhiyyəyə olan diqqət və qayğısının bariz nümunəsidir.

Səhiyyə sahəsində aparılan islahatların real nəticələri İsmayıllı rayonunda da özünü büruzə verir. TƏBİB-in tabeliyində fəaliyyət göstərən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs olaraq 21 şöbədən, 7 Ailə Sağlamlıq Mərkəzindən, 24 tibb məntəqəsindən ibarətdir.

Xəstəxanın direktoru, "Tərəqqi" medallı Vidadi Rəhimov bildirdi ki, icbari tibbi sığortanın tətbiqindən sonra əhaliyə göstərilən xidmətlərin keyfiyyəti artıb il ərzində əlillik məsələləri, müayinə, müalicə, dərman və digər məsələlərlə bağlı 1240 vətəndaş müraciəti daxil olub.

İsmayıllı RMX PHŞ-də şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına xüsusi qayğı ilə xidmət göstərilir. Ötən il ərzində müəssisəmizə şəhid ailə üzvləri, qazi və müharibə iştirakçılarına aidiyyəti üzrə tibbi xidmətlər göstərilib.

Rayonda ixtisas həkimlərindən ibarət təşkil olunan səyyar briqadalar vaxtaşırı kəndlərdə tibbi müayinələr aparılır, yoluxucu xəstəliklər və onlara qarşı immunoprofilaktika işi gücləndirilir. Kənd səhiyyə məntəqələri vaxtlı-vaxtında bütün tibbi və qeyri-tibbi sərfiyatlarla təmin olunurlar. Sevindirici haldır ki, TƏBİB-in 2023-cü ilin hesabatında İsmayıllı rayonu HMK-nın yaxşı fəaliyyətinə görə respublika üzrə birinci yerdə olub.

Xəstəxanamız müasir USM və Exokardioqrafiya aparatı ilə təmin olunub. TƏBİB tabeli "Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması" layihəsi çərçivəsində xəstəxananın laboratoriya şöbəsi müasir avadanlıqlar və bütün növ reaktivlərlə təmin olunaraq əhalinin istifadəsinə verilib.

Ötən ilin sentyabr ayından başlayaraq İvanovka Ailə Sağlamlıq Mərkəzində daxili kadr potensialı hesabına növbəlilik prinsipi əsasında həftənin bütün günləri 24 saat tibbi xidmət təşkil olunur.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması, əhalinin sağlamlığının qorunması və xəstəliklərə qarşı mübarizə çərçivəsində, o cümlədən yüksək tibbi xidmətin əlçatanlığı istiqamətində zəruri tədbirlər uğurla davam etdirilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".