SƏN DOSTUNU GÖSTƏR...
Digər xəbərlər

SƏN DOSTUNU GÖSTƏR...

Uzun illər dövlət qulluğunda müxtəlif rəhbər vəzifələrdə işləmişəm. İran hakimiyyətinin dəfələrlə Azərbaycana qarşı qərəzli, ədalətsiz, xəyanətkar mövqe nümayiş etdirdiyinin şahidi olmuşam. Əlbəttə, bu, heç də təsadüfi deyil. Atalar məsəli var: sən dostunu göstər, sənin kim olduğunu deyim.

Dinimizin, adət-ənənələrimizin bir olmasına baxmayaraq, İran İslam Respublikası tarixi düşmənimizlə dostluq edir. İranın Ermənistana silah ötürməsi, torpaqlarımızda narkotik bitkilər əkib-becərməsi, sərvətlərimizi talan etməsi artıq heç kimə sirr deyil.

İran Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəni, torpaqlarımızın işğaldan azad edilməsini, Ermənistanın məğlubiyyətini heç cür həzm edə bilmir. Çünki qardaşı ilə daha torpaqlarımızda at oynada bilmir, yeraltı, yerüstü sərvətlərimizdən əli üzülüb. Odur ki, Zəngəzur dəhlizinin reallaşmasına hər cür maneçilik törədir.

Cənub qonşumuz dünyada terrorçu təşkilat kimi tanınan SEPAH-ın dəstəyi ilə silahlı dəstələr hazırlayır, terror aktları törədir.  

Fars-molla hakimiyyəti Tehrandakı səfirliyimizə silahlı hücum təşkil etdi. Əvvəlcədən hazırladığı terrorçunu təpədən-dırnağadək silahlandırıb səfirliyimizə göndərdi. Qanlı olayın videogörüntülərinə dəfələrlə baxmışam. Hücumun qabaqcadan düşünülüb hazırlandığını, xüsusi amansızlıqla həyata keçirildiyini görmək üçün hüquq işçisi, əməliyyatçı olmaq lazım deyil. Hadisə zamanı İran polisinin seyrçi mövqe tutması, terrorçuya şərait yaratması açıq-aydın görünür. İranın hakimiyyət dairələri müxtəlif yollarla cinayətin üstünü örtməyə, cinayətkarı cəzadan yayındırmağa çalışsalar da, həqiqəti gizlətmək mümkün deyil.

Azərbaycanın hüquq-mühafizə orqanları hadisəni birgə araşdırmağı təklif etsələr də, İran tərəfi susqunluq nümayiş etdirir. Cinayəti gizlədən, cinayətkarı himayə edən bir dövlətdən nə gözləmək olar? Artıq fars-molla rejiminin saxtakarlığını, xəyanətini bütün dünya bilir.

Terrora rəvac verənlər, beynəlxalq qanunları saya almayanlar bilməlidir ki, bu yolun axırı yoxdur. Tarix boyu belə münasibətlər qonşuluq əlaqələrinin pozulmasına gətirib çıxarıb. Nə qədər gec deyil, İran konstruktiv mövqe nümayiş etdirməli, səfirliyimizə qarşı terror aktı hazırlayanları və həyata keçirənləri sərt şəkildə cəzalandırmalıdır.

Ələşrəf NİFTİYEV,

Masallı Rayon Ağsaqqallar Şurasının sədri, 

III dərəcəli "Vətənə xidmətə görə"

ordenli dövlət qulluğu veteranı,

yazıçı-publisist.