Sentyabrın 28-i Mir Cəlal Paşayevin anım günüdür
Tarixi şəxsiyyətlər

Sentyabrın 28-i Mir Cəlal Paşayevin anım günüdür

"XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev, eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

XX əsr Azərbaycan nəsrinin yükünü çiyinlərində daşıyan, ədəbi tariximizdə əvəzsiz xidmətləri olan, milli təhsilimizin inkişafında mühüm rol oynayan Mir Cəlal Paşayev parlaq istedadı, zəhmətsevərliyi, xeyirxahlığı, xalqa bağlılığı, müdrikliyi, yüksək insani keyfiyyətləri ilə könüllərdə özünə əbədi abidə ucaldıb.

Yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük işlər görmüş, XX əsr ədəbiyyatşünaslığın məktəbini yaratmışdır.

Mir Cəlal Mir Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Hələ kiçik yaşlarında ailəsi Gəncəyə köçdüyündən yazıçının uşaqlığı burada keçmiş, 10 yaşında ikən atası vəfat edən Mir Cəlal böyük qardaşının himayəsində böyümüşdür. O, ibtidai təhsilini 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə almış, sonralar isə təhsilini M.F.Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda (Darülmüəllimində) davam etdirmişdir. Çalışqanlığı, ictimai işlərdə fəallığı nəzərə alınaraq tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir. 1928-ci ildə Gəncə Darülmüəllimi bitirdikdən sonra Gədəbəy yeddiillik məktəbində müəllimlik etmiş, 1929-1930-cu illərdə isə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsinə təyin olunmuşdur.

Gəncə ədəbi mühitinə daxil olan Mir Cəlal 1926-1930-cu illərdə "Yeni fikir" qəzetində, "Qızıl Gəncə", "İlk addımlar", "Hücum" məcmuələrində ana dilinə çevirdiyi şeir və hekayələrlə yanaşı, özünün ilk yaradıcılıq nümunələrini də çap etdirmişdir. 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alan Mir Cəlal buranı bitirdikdən sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaqla yanaşı, həm də "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetinin məsul katibi vəzifəsində işləmişdir.

"Sağlam yollarda" adlı ilk oçerklər toplusu 1932-ci ildə çap olunan yazıçı Ədəbiyyat İnstitutunun yaradılmasında bilavasitə iştirak etmiş və burada XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri işləmişdir. 1935-1939-cu illərdə "Boy" (novellalar), "Bostan oğrusu" (hekayələr), "Gözün aydın" (hekayə və oçerklər), "Dirilən adam" (roman) kitabları kütləvi tirajla çap edilmişdir. İkinci Dünya müharibəsi illərində Mir Cəlalın "Xalqın ürək sözü", "Vətən hekayələri", "İlyas", "İsrafil", "Vətən yaraları", "Vətən" kitablarında, həmçinin dövri mətbuatda çap etdirdiyi hekayələrində xalqımızın faşizmə qarşı qəhrəmanlıq mübarizəsindən bəhs olunur.

Təxminən yarım əsrlik ədəbi-bədii yaradıcılığında xalqın ruhunu oxşayan, onun həyat şəraitini, adət-ənənələrini, tarixini olduğu kimi canlandırmağı bacaran yazıçının sadəliyi, ifadə tərzinin xalq danışıq dilinə yaxınlığı onu xalqa sevdirmiş, əsərləri oxucular tərəfindən maraqla qarşılanmışdır. Maraqlı romanlar, hekayələr müəllifi olan Mir Cəlal Paşayev müasir ədəbi tariximizdə ustad sənətkar kimi unudulmaz izlər qoymuşdur. Mir Cəlal XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələr müəllifi, az sonra isə istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan ədəbiyyatşünas öz üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə onun adı ilə bağlıdır. Mir Cəlal Paşayev ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri kimi Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutub.

Akademik Nərgiz Paşayeva görkəmli yazıçının bədii yaradıcılığı haqqında yazır: "Mir Cəlal deyəndə, hər şeydən əvvəl, gözəl romanlar və hekayələr müəllifi olan ədib təsəvvürümüzdə canlanmış olur. Çünki o, xalqımızın bədii yaddaşında ictimai tariximizin, xalq taleyinin mühüm problemlərini təhlil edən, həyat və tarix haqqında xalqı ilə ürəkdən, səmimi dərdləşə bilən, onunla sevinc və dərd şəriki olan ustad sənətkar kimi silinməz izlər buraxmışdır. "Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər", "Yolumuz hayanadır" kimi romanları, 292 hekayəsi və başqa janrlarda yazılmış bir çox əsərləri həqiqi sənətkarın öz xalqı ilə əsl həsb-halının, dərdləşməsinin bədii nümunələridir". Çoxsaylı əsərlərin, bədii və elmi araşdırmaların müəllifi olan Mir Cəlal Paşayev hələ 30 yaşına çatmamış çap etdirdiyi "Bir gəncin manifesti" əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının gözəl nümunəsi idi. 1935-ci ildə isə yazıçı ilk irihəcmli əsəri olan "Dirilən adam" romanını ayrıca kitab kimi nəşr etdirmişdir. Bundan sonra "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" və digər hekayələri çap olunub.

Həssas, qayğıkeş, eyni zamanda tələbkar xarakterə malik olan Mir Cəlal Paşayev gənc yazarlara hər zaman yol göstərər, onlara ilk olaraq ana dilini yad təsirlərdən qorumağı tövsiyə edərdi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də xüsusi yer tutub. Onun "Ədəbiyyatşünaslığın əsasları" kitabı filologiya fakültəsinin tələbələrinin, eyni zamanda mütəxəssislərin stolüstü kitabıdır. Böyük pedaqoq 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

Görkəmli yazıçı xalqımızın həyatını əks etdirən, zəmanəsinin aynası olan hekayələri, klassik bədii nümunələri ilə müasir ədəbiyyat tariximizdə əbədiyaşarlıq qazanıb. Zəngin yaradıcılığı ilə XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında əvəzsiz xidmətlər göstərən görkəmli yazıçı 1978-ci il sentyabrın 28-də vəfat etmişdir.

Mehparə ƏLİYEVA,

"Respublika".