Ölkəmizi zirvələrə aparan Ulu Öndər dühası
Tarixi şəxsiyyətlər

Ölkəmizi zirvələrə aparan Ulu Öndər dühası

1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - sənaye, kənd təsərrüfatı, ümumilikdə demək olar əksər sahələrdə geriləmələr müşahidə olunurdu. Əvvəla, respublikanın inkişafı getdikcə ləngiyirdi ki, bu da nəticədə əhalinin sosial vəziyyətinə mənfi təsir edirdi. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan ittifaq səviyyəsindən geri qalırdı və bu gerilik getdikcə artırdı. Kənd təsərrüfatı ağır vəziyyətə düşmüşdü, elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda demək olar ki, tətbiq olunmurdu.

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişikliyin baş verməsi və 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə təyin olunması belə bir mürəkkəb şəraitdə ölkəyə yeni bir nəfəs gətirdi. Bununla sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başladı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Zəngin idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. Ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlandı və dərhal icrasına başlandı. Xalqın qurub-yaratmaq arzusu bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə bu illər sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə, respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi. Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycanda tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı. Qısa dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.

Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublikanın rayonlarının siması büsbütün dəyişmişdi. İqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Ulu Öndər gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Heydər Əliyevin həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Azərbaycan o zaman dağılmağa başlamış böyük SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, dərindən ölçülüb-biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin tarixi əhəmiyyəti bundan ibarətdir ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu gün bizim yaşadığımız müstəqil güclü Azərbaycan özülləri Ulu Öndər tərəfindən möhkəm qoyulmuş bir ölkədir. Dahi liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev isə bu özülləri bir az da dərinləşdirmək və gücləndirməklə tarixdə heç vaxt olmadığı qədər güclü bir Azərbaycan formalaşdırmışdır.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.