Separatçı rejimin növbəti cəhdləri də fayda verməyəcək
Digər xəbərlər

Separatçı rejimin növbəti cəhdləri də fayda verməyəcək

Azərbaycanın ərazisində müstəqil dövlət qurma xülyaları olan ermənilər 9 sentyabrda Qarabağda tanınmamış qurumun "prezident" seçkiləri keçirib. Samvel Şahramanyan separatçıların yeni "prezident"i olub. Xatırladaq ki, avqustun 31-də "prezident" və Qarabağ üsyançılarının başçısı Araik Arutyunyan istefa verib. "Spiker" David İşxanyan və "dövlət naziri" Samvel Şahramanyanın "namizədliyi" rejimin "parlamenti"ndə nəzərdən keçirilib.

Mövzuyla bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: "Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin "prezident seçkiləri" adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır". Qeyd olunub ki: "Qondarma "seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçılıq siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub".

2023-cü ilin yanvarında qeyri-rəsmi "Təhlükəsizlik Şurasının katibi" vəzifəsinə təyin olunan Şahramanyan avqustun 31-də Qurgen Nersisyanın əvəzinə, Araik Arutyunyan tərəfindən növbəti "dövlət naziri" seçilib. "Keçmiş prezident" Bako Sahakyanın adamı kimi qələmə verilən Şahramanyan mart ayında Rusiya sülhməramlı qüvvələrinin qərargahında Xankəndi təmsilçisi kimi Bakı nümayəndələri ilə görüşən şəxs idi.

Azərbaycan tərəfi barışıq istəyini hər sahədə nümayiş etdirir və erməni əsilli şəxslərə humanist şəkildə yanaşır, buna rəğmən onlar öz qisasçılıq siyasətlərindən əl çəkmir və hər dəfə başqa bir təxribata əl atırlar. Ermənilərin Xankəndi yolunda etiraz aksiyası keçirib, hətta sülhməramlılara hücum etməsi, Qızıl Aypara Cəmiyyətinin humanitar yardıma revanşist yanaşmaları, bütün bunlar ermənilərin mahiyyətini ortaya qoyur. Halbuki, ölkəmiz reinteqrasiya prosesinin sürətlənməsi üçün əlindən gələni edir və öz sülhpərəst mövqeyini qoruyur. Şər məqsədlərini davam etdirən təcavüzkar ermənilər humanist prinsipləri ciddi şəkildə tapdalayır.

Həmçinin Ermənistan tərəfinin Azərbaycan torpaqlarında minaların əhatəsini və texnikalarını genişləndirməyə çalışması, eləcə də Ermənistanın Laçın yolunda qeyri-qanuni əməliyyatları uzun müddətdir ki, müzakirə mövzusudur. Bu cür addımların atılması təxribatçı əməllərin bariz nümunəsidir. Ərazinin demilitarizasiyası sülhə nail olmaq üçün ən yaxşı seçimdir, eyni zamanda bu, Qarabağdan olan ermənilərin cəmiyyətimizə reinteqrasiyası prosesini sürətləndirir. Azərbaycan tərəfi bu proseslərin sürətlənməsi üçün əlindən gələni edir, lakin erməni təxribatlarının ardı-arası kəsilmir.

Azərbaycan Ordusunun qəhrəman əsgərləri tərəfindən işğala son qoyulub. Ancaq görünən odur ki, həm Ermənistan, həm də Qarabağdakı yalançı hökumət, İkinci Qarabağ müharibəsini və onun nəticələrini yaddan çıxarmağa başlayıb.

Azərbaycan beynəlxalq qanunlarla qəbul edilmiş ərazisində təxribatlara müdaxilə etmək haqqına sahibdir. Heç kim unutmamalıdır ki, dəmir yumruq yerindədir və hər an cavaba hazırdır. Separatçıların yalan seçkiləri onlara məsələnin həllində heç bir köməklik etməyəcək. Ermənistan tərəfi belə təxribatçı addımlardan uzaqlaşıb diplomatik yolla anlaşma fikrini nəzərdən keçirməlidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".