Separatçıların əsas hədəfi Paşinyan iqtidarıdır
Siyasət

Separatçıların əsas hədəfi Paşinyan iqtidarıdır

Ermənistan bu dəfə də sülhə deyil, revanşizmə üstünlük verib. Erməni mediasında yer alan xəbərlərə görə, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib. Özünü buraxan "respublika"nın keçmiş rəhbəri bu barədə heç bir hüquqi sənədin olmadığını vurğulayıb. O, hətta qondarma qurumlara vaxtarışı olaraq "hökumətə" məlumat verməyi də tapşırıb. Şahramanyanın "müşaviri" kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, keçmiş rəhbər oktyabrın 19-da rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı fərman imzalayıb və əsas sənəd budur.

Separatçıların bəyanatları və uydurduqları bəhanələr onu göstərir ki, onlar mövcudluqlarını davam etdirməkdə israrlıdırlar. Amma nəzərə almaq lazımdır ki, hazırda erməni əhalisi Qarabağı tərk edib, qondarma qurumun "rəhbəri və digər səlahiyyətli şəxslər" də İrəvanda gizləniblər. Belə olan halda nə "respublika"nın özünü buraxması, nə də özünü bərpası praktiki olaraq Azərbaycana təhlükə yaratmır. Separatçılar fəaliyyətlərini davam etdirsələr belə, bu prosesin Bakıya təsir imkanları yoxdur. Əksinə, Şahramanyan və dəstəsinin çıxışları beynəlxalq ictimaiyyətə sübut edir ki, iki ölkə arasındakı sülhə əsas maneə Ermənistan və havadarlarıdır. Separatçıların Qarabağla bağlı iddialarını davam etdirməsi Azərbaycan üçün yeni təhdidlər ehtiva etməsə də, sülh danışıqlarına destruktiv təsir göstərir. Şahramanyanın hərdəmxəyallığı münasibətlərin normallaşmasını çətinləşdirir, Cənubi Qafqazda sabitliyi daim risk altında saxlayır.

Amma nəzərə almaq lazımdır ki, sülhün imzalanması indiki dövrdə Paşinyan hökumətinin marağındadır. Üstəlik, daha öncə də Ermənistan rəhbərliyi bəyan edib ki, qondarma rejimin Ermənistan ərazisində fəaliyyətini davam etdirməsi İrəvan üçün çox ciddi problemlərə yol açır. Deməli, indiki şəraitdə qondarma rejimin bərpa edilməsi İrəvan hakimiyyəti ilə razılaşdırılmış addım deyil. Şahramanyanın bu həmləsi daha çox ölkə daxilində Qarabağ ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır. Bunu hökumətə yaxın olan siyasətçilər də dilə gətirirlər. Məsələn, "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Hovhannisyan deyib ki, Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? Ermənistanda yalnız respublikanın qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir. Buna qarşı çıxan və ya onun əleyhinə mübarizə aparan hər hansı təşəbbüs dövlətə qarşı fəaliyyət kimi qiymətləndiriləcək, qanundan kənar sayılacaq və hökumət tərəfindən ən sərt tədbirlər görüləcək. Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, onun müəllifləri ciddi şəkildə cəzalandırılacaq.

Paşinyan hökumətindən də belə sərt reaksiya onu göstərir ki, daxili siyasətdə Qarabağ klanı separatçılar vasitəsilə Qarabağ məsələsi üzərindən baş nazirə qarşı müxalif mövqe sərgiləyir. Çünki uzun illər Qarabağdakı xunta rejimi və onun təmsilçiləri müxtəlif dairələrdən tapşırıqlar alıblar. Bu gün də həmin qüvvələrin bölgədə maraqlarının təmin olunması baxımından Şahramanyanın xidmətlərindən istifadə olunur. Bu mənada, Qarabağ separatçılarının keçmiş liderinin heç bir hüquqi əsası olmayan kağız parçasını növbəti dəfə masaya qoymaq cəhdi bu planların tərkib hissəsi kimi anlaşıla bilər. Odur ki, Şahramanyanın özünü buraxan "respublika"nı diriltmək səyləri Azərbaycandan çox, Ermənistan hökumətini hədəf alır. Əgər, Paşinyan Administrasiyası iqtidardan uzaqlaşdırılmaq istəmirsə, keçmiş qondarma qurumun "başçı"sı və 22 "deputat"ı ilə məşğul olmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".