Separatizmə dəstək ABŞ üçün bumeranq effekti verir
Siyasət

Separatizmə dəstək ABŞ üçün bumeranq effekti verir

Sabitlik yaratmaq üçün getdiyi hər yerə özü ilə bərabər bəla aparan, dünyanın "demokratiya beşiyi" hesab olunsa da, 30 illik işğal zamanı Azərbaycana qarşı haqsızlıq edən, ədalətsiz yanaşma sərgiləyən, postmüharibə dövründə də özünün Cənubi Qafqazla bağlı maraqlarından dolayı rəsmi Bakıya qarşı əsassız iddialar irəli sürən Birləşmiş Ştatlar daxildə çətin vəziyyətlə üzləşib.

Texasda immiqrasiya qalmaqalları fonunda Amerikadan ayrılmaq çağırışları güclənib. Buna səbəb federal hakimiyyət orqanlarının ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikanlı məftil səddini sökmək qərarı olub. "Texit" (ştatın Şimali Amerika əyalətindən ayrılması) hərəkatının lideri Daniel Miller bu vəziyyətdən istifadə edərək Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb.

Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib və 139 min 456 səs toplayıb. Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək "Texit"dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi isə Ştatın müstəqilliyinin tərəfdarları üçün uğursuzluqla nəticələnib. Amma Ağ Evin bu hərəkətlərindən sonra respublikaçılar iqtidarda olduqları 25 ştat da Prezident Co Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəklərini bildiriblər. Bunun ardınca qubernator ştatın Milli Qvardiyasının sərhədi öz nəzarətində saxlamağa davam edəcəyini, eyni zamanda federal qüvvələrin müdaxiləsinə icazə verməyəcəklərini açıqlayıb. Texas Milli Qvardiyası yanvarın 23-dən ABŞ sərhəd patrulunun öz işini görməsinə icazə vermir və tikanlı məftillər çəkməyə davam edir.

Rəsmi Vaşinqton Texas hökumətinin hərəkətlərini konstitusiyaya zidd adlandırır. Amma ABŞ Konstitusiyasında Ağ Evin demokratik təsisatları və əsas prinsipləri pozması halında ştatlara silahlı çevriliş etmə haqqı tanınır. Yəni əslində, Texas rəhbərliyinin qərarı müəyyən mənada qanunauyğun hesab edilə bilər. Bunun fonunda Birləşmiş Ştatlar üçün qorxulu olan üç ssenarinin baş verə biləcəyi proqnozlaşdırılır. Birincisi, Texasın yüz illərdir davam edən müstəqillik arzusunun yenidən gündəmə gəlməsi ABŞ-ın parçalanması versiyasını aktuallaşdırır. Hətta bu bölünmə təkcə sözügedən ərazi ilə məhdudlaşmaya bilər. Çünki artıq 25 ştat Texas hakimiyyətinin Ağ Evə qarşı üsyanını dəstəkləyib. Bunun "domino effekti" yaradacağı gözləntisi də var, xüsusilə  Florida ştatının üsyan bayrağı qaldıra biləcəyi istisna deyil. ABŞ-ın intellektual resurslarını özündə cəmləşdirən Kaliforniyanın da Vaşinqtona qarşı çıxması ehtimalı güclüdür. Bu proseslər əslində uzun müddətdir gözlənilirdi. Çünki məşhur amerikalı sosioloq Samuel Hantinqton hələ 2000-ci illərin əvvəllərində yazırdı ki, miqrasiya dalğaları və Amerika xalqlarının "ərimə qazanı"nın içinə düşməsinə görə XXI əsrin ortalarında Texas da daxil olmaqla, ABŞ-ın bütün cənub ştatları Meksikaya, şimal ştatları isə Kanadaya birləşə bilər.

İkinci ssenari Birləşmiş Ştatlarda vətəndaş müharibəsinin təkrarlana biləcəyidir. Çünki hazırda Bayden Administrasiyası çətin vəziyyətdədir. Texas qubernatoru mövqeyindən geri çəkilmir, üstəlik, onun həm ictimai rəydə, həm də respublikaçılar arasında güclü dəstəyi var. Bu məqamda, Ağ Ev iki seçim arasında qalır: ya proseslərə müdaxilə etməməli, ya da güc yolu ilə  Ali Məhkəmənin qərarını icra etməli və sərhəd patrulunu bərpa etməlidir. Bu isə qarşıdurmanı qaçılmaz edir. Sonuncu versiyaya görə, Texas böhranı Baydenin sonu ola bilər. Çünki Meksika ilə sərhəddə yaşananlar hazırkı prezidentin  ABŞ-a fəlakət gətirən lider obrazını yaradır. Bu isə noyabrda keçiriləcək prezident seçkilərində respublikaçıların demokratlar üzərində qələbəsi ilə nəticələnə bilər. Onu da qeyd etmək lazımdır ki, baş verənlərə paralel olaraq seçki kampaniyasında miqrantlara qarşı sərt mövqeyi ilə seçilən Trampın reytinqi yüksəlir. Bu məqamda  bir faktı da vurğulamaq lazımdır. Belə ki, demokratlar 1994-cü ildən bəri Texasda seçkiləri qazana bilməyiblər. Hazırda da bu ştata seçilmiş konqresmenlərin böyük əksəriyyəti, eləcə də hər iki senator respublikaçıdır. Qarşıdakı seçkilərdə də bu tendensiyanın dəyişəcəyi gözlənilmir.

Hansı ssenarinin baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da, bir şeyi əminliklə demək olar: Texas üsyanı ABŞ üçün separatizmə dəstəyin bumeranq effekti yaratmasıdır. Belə ki, Bayden Administrasiyası son 4 ildə dünyanın bir çox yerində separatizmi alovlandırmaq istiqamətində işləyib. Məsələn, Çinə qarşı Tayvanı dəstəkləyir, Türkiyənin mövqeyinə zidd olaraq  PKK-PYD terrorçularını gücləndirir, onların müstəqil dövlət planlarına yardımlar edir. Vaşinqtonun separatizmi dəstəklədiyi ölkələrdən biri də Azərbaycandır. İstər işğal dövründə, istərsə 44 günlük müharibədən sonra Ağ Evin Qarabağdakı separatçılara dəstək verdiyi hər kəsə aydındır. Bunu faktlarla əsaslandırsaq, amerikalıların Laçın sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı sərgilədikləri mövqeyi, Ağdam-Xankəndi marşrutunun istifadəyə verilməsini qəbul etməmələrini və Xankəndidəki separatçı rejimin qorunması məqsədilə rəsmi Bakıya edilən təzyiqləri xatırlamaq lazımdır. Ötən ilin noyabrında Konqresin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilən dinləmələri, eləcə də "907-ci düzəlişin" yenidən gündəmə gətirilməsini də bura əlavə edə bilərik. ABŞ-ın bir çox digər bölgələrdə də separatizmə dəstək verməsinə dair faktlar kifayət qədərdir.

Bütün bunları nəzərə alsaq, dünyanın müxtəlif ölkələrində separatçı ünsürlərə dəstək verən Birləşmiş Ştatların hazırda öz ərazisində analoji təhlükə ilə üzləşməsi haqqın öz yerini tutması kimi dəyərləndirilə bilər.

Jalə QASIMZADƏ,

"Respublika".