Serbiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Siyasət

Serbiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycanla əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirən ölkələrdən biri də Serbiyadır. Serbiya Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasında yer alır. Ölkəmizin xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, eləcə də Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi önəmli istiqamətlərdən birini təşkil edir.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. 2011-ci ilin fevral ayında Serbiyanın ölkəmizdə, həmin il iyunun 8-də Azərbaycanın Serbiyada səfirliyi fəaliyyətə başlayıb. Ölkələr arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər bunun əyani göstəricisidir. Bu cür səfərlər rəsmi Bakı ilə Belqrad arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsinə münbit şərait yaradıb.

2011-ci il iyunun 8-9-da Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Dövlətimizin başçısı səfər çərçivəsində Belqradın Taşmaydan parkında ulu öndər Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib. Serbiya prezidentləri də öz növbəsində ölkəmizə bir neçə dəfə səfərə gəliblər. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin ilk dəfə ölkəmizə səfəri 2018-ci il 21-22 may tarixində baş tutub.

Dövlətimizin başçısının 2022-ci il 23 noyabr tarixli Serbiyaya rəsmi səfəri çərçivəsində Prezident Aleksandar Vuçiçlə birgə "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat"ı, "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum"u və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi"ni imzalayıblar.

Beynəlxalq müstəvidə hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə qarşılıqlı surətdə dəstəkləyib, bu məsələdə ikili standartları qəbuledilməz hesab edib. Beynəlxalq platformalarda Azərbaycan və Serbiya dövlətlərinin nümayəndəlikləri prinsipial önəm daşıyan məsələlərin həllində də birgə vahid mövqe nümayiş etdiriblər. 2008-ci il martın 14-də Azərbaycanın təklif etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə layihəsinin qəbulu zamanı BMT Baş Assambleyasında keçirilən səsvermədə Serbiya təmsilçiləri ədalətli yanaşma sərgiləyərək lehimizə səs veriblər.

Ölkələr arasında bu günə qədər onlarla sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış "Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında" Bəyannamə və 2018-ci ildə imzalanmış "Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı" xüsusi önəmə malikdir. Bu sənədlərdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının qəbul olunmuş qətnamələrinə, eləcə də ATƏT-in qərarlarına uyğun olaraq ölkəmizin suverenliyi, ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində tezliklə həll olunmasının dəstəkləndiyi bildirilib.

Azərbaycan da hər zaman Serbiyanın suverenliyini və ərazi bütövlüyünü tam olaraq dəstəkləyib, Kosovanı müstəqil dövlət kimi tanımayıb və bunu daim yüksək tirbunalardan bəyan edib. Məhz bu səbəbdən aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Dövlətimizin başçısı Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb.

İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. 10 dekabr 2023-cü ildə Prezident İlham Əliyev Serbiya Respublikasına işgüzar səfəri zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib. Sözügedən layihə həm Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verir, həm də Azərbaycanın qaz ixracı coğrafiyasını daha da genişləndirir.

M.FİRİDUNOĞLU,

"Respublika".