Sərhəddə təxribat, riyakar ssenarinin icrası
Siyasət

Sərhəddə təxribat, riyakar ssenarinin icrası

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. 13 fevral tarixində Azərbaycan DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində erməni ordusunun döyüş postu darmadağın edilib. Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, 4 erməni hərbçi məhv edilib, bir hərbçi yaralanıb, lakin qeyri-rəsmi məlumatlara görə itkilər daha çoxdur.

Bu isə ötən ilin sentyabrındakı antiterror tədbirlərindən sonra ilk ciddi insidentdir. Hadisənin baş verməsindən sonra gündəmə gələn versiyalardan birincisi bu oldu ki, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir. Bu iddianı Ermənistan müdafiə naziri Suren Papikyanın təxribatdan cəmi 4 gün əvvəl Azərbaycan sərhədinə səfər etməsi gücləndirir. Xüsusilə də nəzərə almaq lazımdır ki, o, şimal-şərq sərhədinə getmişdi və ordumuzun mövqeləri də eyni istiqamətdən atəşə tutuldu. Üstəlik, Avropa Şurası Prezidentinin dəvətindən sonra İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüşün yaxın aylarda reallaşması ehtimalı gündəmdə idi. Bu isə onu ağıla gətirir ki, Ermənistanın baş naziri bu təxribatla mümkün üçtərəfli görüşdə gündəmi dəyişmək, sərhədin hansı prinsiplərlə müəyyənləşməsi müzakirəsindən yayınmaq, bir növ bunu gələcəyə saxlamaq istəyib.

Amma bu təxribatın arxasında təkcə Paşinyanın ambisiyalarının dayanması ehtimalı zəifdir. Məsələyə daha geniş aspektdən baxanda aydın olur ki, xarici güclərin də sülh prosesinə mane olmaq istəyi belə bir halın yaşanmasına səbəb ola bilər. Eyni zamanda, təxribatın məhz Ermənistandakı Avropa İttifaqı missiyasının müşahidə həyata keçirdiyi ərazidə baş verməsi ciddi suallar yaradır. Məsələn, əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, sözügedən missiya nəyi monitorinq edir? Sualın cavabı çox sadədir, "binokl diplomatiyası" Ermənistanda Rusiyanın yerini doldurmaq istəyən Qərb tərəfdaşları üzərindən icra edilir. Onlar da şərti sərhəddə eskalasiyanın olmasında maraqlıdırlar. Çünki mümkün hərbi qarşıdurma İrəvana Moskvanın təhlükəsizlik müttəfiqliyindən imtina etməyə şərait yaradacaq. Bunun fonunda bir məqamı da xatırlamaq lazımdır. Belə ki, bir neçə gün əvvəl Birləşmiş Ştatların Ermənistandakı səfirliyi sərhəddə risklərin mövcudluğu barədə açıqlama vermişdi. Amma həmin dövrdə tərəflər arasında aylardır sabitlik hökm sürürdü. Məhz bu fakt ona işarə edir ki, deməli, təxribat ssenariləri müxtəlif Qərb dairələri tərəfindən hazırlanıb. Hadisədən sonra verilən açıqlamalar da bunu sübut edir. Belə ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell mətbuat konfransı keçirib. Qərb təmsilçisi sərhəd zonasında uzun müddətdir davam edən sakitlikdən sonra Ermənistan ordusunun 2024-cü il fevralın 12-də azərbaycanlı sərhədçini yaralaması faktını görməzdən gələrək Azərbaycan tərəfinin özünümüdafiə hüququna uyğun olaraq atdığı addımları qınayıb. Aİ nümayəndəsi münaqişənin təsirinə məruz qalan insanlar ilə bağlı da növbəti dəfə dini və etnik əsasda ayrı-seçkiliyə yol verib. Borrell ötən il Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş erməniləri "qaçqın" adlandıraraq, onlara humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə deməyib. Üstəlik, o, qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təklifi də irəli sürüb.

Bu çıxışa Qərbi Azərbaycan İcması bəyanatla cavab verib. Qurumun açıqlamasında bildirilib ki, qərbli rəsmilərin açıqlamaları işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumlar üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır. Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üzləşmək istəmirsə, Ermənistanın içərilərinə doğru geri çəkilməkdə sərbəstdir. İcma Aİ institutlarını bu əməllərindən əl çəkməyə, Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmamağa, Ermənistandakı missiyasının Azərbaycana qarşı təxribatçı davranışlarına son qoymağa və doğma yurd yerlərindən qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırıb.

Təşkilat bu çağırışında haqlıdır. Çünki Borrellin açıqlamalarından aydın olur ki, təxribat planı əvvəlcə Ermənistan və qərbli müttəfiqləri tərəfindən bu şəkildə hazırlanıb. Amma ilk növbədə qarşı tərəfin bizə atəş açdığına dair görüntülərin ortaya çıxması İrəvanı ritorikasını dəyişməyə sövq edib. Məhz bundan sonra Ermənistan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya qərar qəbul etməyə borclu olduğu hallar aydındır. Amma fevralın 12-də bu ərazidə belə bir zərurət olmayıb. Buna görə də məlumat araşdırılır və təsdiqini taparsa, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar. Bununla da əslində Paşinyan iqtidarı faktiki olaraq günahını etiraf edib. Belə bir görüntü yaradılıb ki, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb. Yəni baş verənlər İrəvanın iradəsinə uyğun deyil və erməni ordusu daxilində prosesin tormozlanmasını istəyən qrupların oyunudur.

Bundan sonra daha detallı məlumat ictimaiyyətə təqdim olundu. Bildirildi ki, atəş açanlar "Yerkrapa" Könüllülər Birliyinin üzvləridir və ordu komandanlığına tabe deyillər. Bu məsələni aktuallaşdırmaqla iqtidar günahı ölkədəki 5-ci kolonun üzərinə yıxmaq istədi. Amma bu məqamda qeyd etmək lazımdır ki, sözügedən təşkilatdan Ermənistanın Müdafiə Nazirliyi "əlavə qüvvə" kimi istifadə edib. Üstəlik, terror qruplaşmasının hazırkı rəhbəri Sasun Mikaelyan Nikol Paşinyana yaxın adamdır. Sarkisyanın dövründə onun partiyasının üzvü olsa da, 2008-ci ildə Paşinyanın da iştirak etdiyi aksiyaları dəstəklədiyi üçün uzaqlaşdırılıb və həbs olunub. 2018-ci ildə Paşinyanın "küçə inqilabı"na qoşularaq onun komandasına daxil olub. Mikaelyan 44 günlük müharibədən sonra bəzən tənqidi açıqlamalar versə də, hakimiyyətə bağlılığı davam edir. Bu baxımdan qruplaşmanın Ermənistan rəhbərliyinin iradəsindən kənar addım atması versiyası real görünmür. Belə bir ehtimal varsa belə, bu məqamda da sual yaranır ki, özünü müstəqil, suveren adlandıran Ermənistanda könüllü dəstələrin fəaliyyət göstərməsinə, hətta onların təxribatlar törətməsinə necə icazə verilir? Deməli, bu məsələ Ermənistan hakimiyyətinin daxili problemi kimi nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə İrəvanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Ordumuzun keçirdiyi "Qisas əməliyyatı" düşmənə aydın mesaj olmalıdır ki, istənilən təxribat Ermənistana baha başa gələcək.

Jalə QASIMZADƏ,

"Respublika".