Şərqin “dəmir ledi”si Bənazir Bhuttonun Azərbaycan sevgisi
Maraqlı

Şərqin “dəmir ledi”si Bənazir Bhuttonun Azərbaycan sevgisi

Azərbaycana dost olan, hər zaman haqlı mübarizəmizdə bizi dəstəkləyən dövlətlərdən biri də Pakistandır. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlər yüksək səviyyədə qurulub. Xüsusilə, onu qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Diplomatik əlaqələr 1992-ci ilin iyun ayından qurulsa da, dostluq, qardaşlıq münasibətləri hələ əsrlər əvvəl mövcud olmuşdur.

Pakistanın Multan şəhərindən olan tacirlər İpək yolunun üzərində yerləşən Bakıya gələr, aylarla burada qalar, ticarət edərdilər. Bu səbəbdən də Bakı xanları İçərişəhərdə pakistanlı tacirlər üçün Multanı karvansarası inşa etdirmişdilər. Özündə böyük bir tarixi yaşadan abidə bu gün də İçərişəhər Milli Qoruğunda yerləşir və mədəni-tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən qorunur. Dövlətlərimiz arasında olan qardaşlıq münasibətlərinin daha bir nümunəsi isə Azərbaycan milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, hələ ötən əsrin əvvəllərində Pakistan Böyük Britaniyanın müstəmləkəsi olduğu zaman əhali arasında ölümcül epidemiya yayılır. Kütləvi xarakter alan xəstəlik səbəbindən 100 mindən çox insan həyatını itirir. Epidemiya ilə mübarizə aparan Pakistanda xəstəliyin qarşısını almaq üçün dərman və preparat qıtlığı yaranır. Ölümlə üz-üzə dayanan pakistanlıların köməyinə çatan isə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olur. O, şəxsi vəsaiti hesabına 300 min ampul peyvənd alaraq Pakistana göndərir. Bununla da böyük bir xalq məhv olmaq təhlükəsindən qurtarır.

İki dövlət arasında sıx münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Əlaqələrimiz bu gün də istər siyasi, iqtisadi, istərsə də mədəniyyət və müdafiə sahəsində yüksək səviyyədə davam etdirilir. Hələ Birinci Qarabağ müharibəsi zamanı Pakistan öz qəti mövqeyini nümayiş etdirmiş və Azərbaycana dəstək verərək həmrəylik göstərmişdir. Digər bir təqdirəlayiq addım isə Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanımasıdır. Bu ölkə hələ də Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb və onu dövlət kimi tanımayıb. Qeyd etdiyimiz kimi, münasibətlər qarşılıqlıdır və Azərbaycan da bütün platformalarda Pakistanın mövqeyini dəstəkləyir. 2002-ci ildə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında "müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş"də hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. 2020-ci il 27 sentyabr tarixində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş İkinci Qarabağ müharibəsində də Pakistan birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Münaqişənin elə ilk günü qardaş ölkə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaydı.

Qeyd etdiyimiz kimi, diplomatik əlaqələr 1992-ci ildə qurulmuş, 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycanın İslamabadda səfirliyi açılmışdır. 1993-cü ildə yenidən hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsində böyük rolu olmuşdur. Bu mənada Heydər Əliyev Fondunun Pakistanla bağlı layihələri xüsusi əhəmiyyət daşıyır. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim olunub, həmçinin Xayber Göz Fondunun yeni blokunun va gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar edilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb. Eyni zamanda Peşəvar Serebral İflic, Peşəvar Ana və Uşaq xəstəxanasında pulsuz müayinə təşkil edilib.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Bənazir Bhutto ilə görüşündən sonra ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bəli, prezident qızı, prezident xanımı və islam aləminin ilk qadın baş naziri, Şərqin "dəmir ledi"si adlandırılan bu qadın Azərbaycana olan hörmət və məhəbbəti ilə daim seçilmişdir. Zülfüqar Əli Bhuttonun ailəsində dünyaya gələn xanım Bhutto Azərbaycan-Pakistan münasibətlərinin əsaslarını quran siyasətçilərdən olub. Məhz Heydər Əliyevin 1996-cı ildə Pakistana səfəri zamanı Bhutto ilə keçirilmiş görüşdən sonra ölkələrimiz arasında münasibətlərin əsası qoyulmuşdur. Həmin tarixi səfər zamanı iki ölkə arasında bir sıra önəmli sənədlər imzalanmışdır. Baş nazir olduğu dövrdə Pakistan Azərbaycana mənəvi dəstək verməklə yanaşı, Birinci Qarabağ müharibəsi zamanı işğal olunmuş torpaqlardan didərgin düşmüş insanlara bir milyon ABŞ dolları məbləğində humanitar yardım edilmişdi. Həmin yardım tibbi ləvazimatlar, qida məhsulları və geyim əşyalarından ibarət olmuşdu. Həmişə möhkəm iradəsi ilə seçilən xanım Bhuttonun ölkəmizin ağır günlərində, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq məcburi köçkün düşmüş azərbaycanlıya olan diqqəti də bunun bariz nümunəsidir.

Cəsarətli addımları ilə seçilən Bənazir Bhutto Amerikanın ovaxtkı prezidenti Corc Buşa (ata Buşa) verdiyi cavab tarixə çevrilib. Belə ki, həmin dövrdə Amerikanın islam adından çıxış edən terrorçulara verdiyi dəstəkdən narahatlığını bildirərək söyləmişdir: "Siz (yəni ABŞ) Frankenşteyn yaratmaqdasız". Məşhur ingilis yazıçısı Meri Şelli məşhur "Frankenşteyn" romanı ilə tanınmışdır (Qərb ədəbiyyatında geniş əks-səda doğuran Viktor Frankenşteyn cansız materiyadan canlı varlıq yaratmaq istəyir. O, öz istəyinə nail olur. Ancaq yaratdığı (yəni Bənazir Bhuttonun nəzərdə tutduğu Frankenşteyn) son dərəcə bədheybət bir varlıq kimi ortaya çıxır və onu yaradan Viktor Frankenşteyni belə dəhşətə gətirir).

Bənazir Bhutto hələ 1980-ci illərin sonunda uzaqgörənliklə vurğulayırdı ki, Amerika öz yaratdığı terror şəbəkəsindən dəhşətə gələcək. İllər öncə deyilmiş bu cəsarətli fikir bu gün də öz aktuallığını qoruyub saxlayır.

Ramidə YAQUBQIZI,

"Respublika".