Digər xəbərlər

"ŞIMARIK ÇOCUK” NƏDƏN “ŞAMAR OĞLANI”NA ÇEVRILDI?..

"Çıkarı uğruna huzuru bozar,

İyi huy edinmez şerriyle gezer,

Dost görünür, dosta kuyular kazar,

Uslanmaz şerriyle kalır şımarık".

Türk şairi Veysəl Şimşəyin müəllifi olduğu bu misralar ərköyünlüyün sonunun bədbəxtlik olduğunu açıq şəkildə izah edir.  Həm uşaqlar, həm də böyüklər üçün istifadə edilən "şımarık" sözü XIX əsrdən işlədilir. Adətən ictimai qaydalara məhəl qoymayan, yaşına uyğun davranmayan insanlara ərköyün deyilir. Bu insanlar sahib olduqları ilə kifayətlənmirlər və həmişə daha çoxunu istəyirlər. Davranışları və sözləri normal və bitkin olmadığı üçün cəmiyyət tərəfindən də tez-tez tənqid olunurlar. Əslində şeirin misralarını daha dərindən təhlil etsək, "şımarıklığın" Ermənistanın bugünkü yürütdüyü siyasət ilə üst-üstə düşdüyünü görmək mümkündür. Xain Hayastan da ölkəmizin sülh təşəbbüslərini gözardı etməklə "ərköyünlüyünü" bir daha təsdiqləyir. Brüssel, Kişineu, Praqa və digər görüşlərdə gülünc duruma düşən düşmənin döyüş meydanındakı məğlubiyyəti ilə yanaşı, danışıqlar masasındakı zəifliyi də diqqət mərkəzindədir. Belə olduğu halda, Ermənistan hakimiyyətinin öz yanlışlarının üstünü örtmək üçün qıraq-bucağa baxması onun böyük güclərin "ərköyün uşağı"na çevrildiyinin əyani sübutudur. Məsələnin ən diqqətçəkən tərəfi isə Fransa, İran və Hindistan kimi erməni sevdalıların "çocuğunun" sözündən çıxmaması, onların erməni lobbisinin bir növ marioneti olmasıdır. Təsadüfi deyil ki, bu gün hayların fitnəsinə uyan ölkələrin daxilindəki vəziyyət də heç də Ermənistandakı siyasi gərginlikdən geri qalmır.

İlk olaraq, Fransadakı mövcud vəziyyətə nəzər salaq. Belə ki, Makron hakimiyyəti keçmiş koloniyaları üzərindəki nəzarətini itirməmək üçün hər cür xainliyə əl atır. Fransa hökuməti, həmçinin koloniyaları diskriminasiyaya da məruz qoyur, keçmiş metropoliyalarında baş verənləri təhrif edilmiş formada təqdim etməyə çalışır. Fransa kolonial siyasətinə qarşı çıxış edənləri isə qiyamçı adlandırır. Şübhəsiz, bu da gözlənildiyi kimi, əks effekt verir, keçmiş müstəmləkələrdə antifransız əhvali-ruhiyyənin pik həddə çatmasına gətirib çıxarır. Məlum olduğu kimi, cari ilin iyul ayında Bakıda Qoşulmama Hərəkatına üzv dövlətlərin toplantısında qəbul edilən Bakı Bəyannaməsi ilə Fransanın antikolonial fəaliyyətinə qarşı etirazlar, çıxışlar daha geniş vüsət almağa başladı. Məhz həmin toplantıda Fransanın müstəmləkə, irqi ayrı-seçkilik siyasəti ilk dəfə iştirakçı dövlətlərin nümayəndələri tərəfindən açıq şəkildə sərt tənqidlərə məruz qaldı. Bundan sonra istər Fransanın daxilində, istərsə də ölkə xaricində hakimiyyətə qarşı tənqidlər səngimir. Bu cür gərginliyin qarşısında Hayastanın "şımarıklığına" dəstək göstərən Fransada xalqın hakimiyyətdən narazılığı heç də təəccüb doğurmur.

Cənub qonşumuza gəldiksə isə İkinci Qarabağ savaşından sonra İranın ölkəmizə qarşı mövqeyi, dövlətin erməni fitnəsinə uyduğu da məlum idi. Səfirliyimizə hücumdan tutmuş, ölkədəki həmvətənlərimizə qarşı göstərilən ayrı-seçkilik, nifrət hissində də "ərköyün" ermənilərin "arzuları" açıq şəkildə sezilirdi. Məhz bunun nəticəsində Azərbaycan-İran arasındakı münasibətlər soyuq olaraq qalmaqda idi.

Ərköyün Paşinyanın növbəti havadarı Hindistandakı vəziyyət isə heç də ürəkaçan deyil. Qadına, uşaqlara təcavüz hallarının ən geniş vüsət aldığı Hindistanın Ermənistana silah tədarükü də qınanılmalıdır. Havadarlarının öz şəxsi mənafeyini hər şeydən üstün tutan Ermənistana tərəfdar çıxması onlara baha başa gələcək. Bu gün onlar bir növ erməni lobbisinin əlində oyuncağa çevrildikləri üçün qınaq obyektinə çevriliblər.

Havadarlarından kifayət qədər istifadə edib yolunu azan Ermənistan Rusiya kimi regionda aparıcı dövlətə də "naz" edir. Görünür, Ermənistan tərəfi bunun dövlət üçün ağır nəticələri barədə qəti fikirləşmir. Məlumdur ki, "ərköyün uşağın" ağlının başına gəlməsi üçün onun "qulağını burmaq" lazımdır. Ermənistan isə vəziyyəti elə yerə gətirib ki, Rusiya nəinki onun "qulağını buracaq", hətta "qapı küncünə" də qoyacaq. Buna görə də Paşinyanın mövcud riskləri gözə alıb ağlını başına toplaması daha məqsədəuyğundur. Əks təqdirdə, Hayastan himayəyə götürüldüyü dövlətlər tərəfindən "övladlıqdan" rədd ediləcək.

Bir məsələni də diqqətə çatdırmaq lazımdır ki, xain Ermənistanın Qarabağda təşkil etdiyi qondarma "prezident seçkiləri" də düşmənin növbəti rəzilliyi idi. Hayların qeyri-qanuni olaraq təşkil etdiyi "seçkilər" böyük güclər tərəfindən tanınmadı, beləliklə, Paşinyan hakimiyyəti nəinki ölkə daxilində, eləcə də beynəlxalq müstəvidə də növbəti dəfə gülünc vəziyyətə düşdü. Ümumiyyətlə, Ermənistanın törətdiyi hər təxribatda qınanılması, eləcə də öz qazdığı quyuya özü düşməsi birbaşa "şımarık çocuğun" "şamar oğlanına" çevrilməsi anlamına gəlir.

Qeyd edək ki, Şərqdə və Qərbdə icra olunan monarxiya qanunlarına görə şahzadə və əsilzadələr cəzalandırıla bilməzdilər. Onların yerinə isə alt sosial təbəqədən əsilzadələrlə eyni yaşlarda olan oğlan uşağı xətalar səbəbi ilə döyülər, cəzalandırılardı. Bundan sonra əsilzadə və şahzadələrin eyni xətaları bir daha etməyəcəkləri düşünülərdi. Cəzalandırılan oğlan uşaqlarına isə "şamar oğlanı" (qapazaltı, taplələ, ingiliscə - “whipping-boy”) deyərdilər.

Nəzrin ELDARQIZI,

"Respublika".