SİYASİ OYUNBAZLIĞIN NÖVBƏTİ NÜMUNƏSİ
Digər xəbərlər

SİYASİ OYUNBAZLIĞIN NÖVBƏTİ NÜMUNƏSİ

Öz ərazisinə NATO qoşunlarını dəvət edən işğalçı ölkə nə məqsəd güdür?

Məlum olduğu kimi, Sorosun cibindən çıxan Nikol Paşinyan öz havadarlarının sifarişlərini kor-koranə yerinə yetirməkdə davam edir. Bir tərəfdən, Rusiya Federasiyası ilə müttəfiqlik müqaviləsi olan, ərazisində, o cümlədən Türkiyə ilə sərhəddə Rusiya silahlı qüvvələri yerləşən, digər tərəfdən isə Qərbin himayəsinə sığınmağa çalışan Ermənistan olduqca məkrli oyun qurmağa qərar verib. NATO qoşunlarını öz ərazisinə dəvət etməklə, İrəvan təkcə özü üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi təhlükələr vəd edən siyasət yürüdür.

Məsələni şərh edən rusiyalı politoloq Sergey Markov qeyd etmişdir ki, ilk əvvəl hərbi təlimlər, sonra da hələ bilinməyən nəsə başqa bir məqsədlər üçün NATO qoşunlarını dəvət edən Paşinyanın qərarı Rusiyada hiddət və qəzəb doğurmuşdur: "Biz, eyni zamanda Nikolun Ukraynadakı rejimə öncə humanitar yardım göstərdiyini görürdük, sonra isə bu, çox güman ki, həm də hərbi yardımla nəticələnəcək. Həmçinin bütün bunlar yəqin ki, bu və ya digər şəkildə Rusiyaya qarşı müharibə məqsədləri üçün də istifadə olunacaq. Paralel olaraq, Paşinyan tərəfindən səsləndirilən sərt bəyanatlar, ancaq hiddət doğura bilər. KTMT-yə daxil olan bir ölkənin həmin təşkilata üzv olan digər dövlətə düşmən olan ölkə ilə hərbi təlimlərin keçirilməsi, əlbəttə, çox qəribə və Rusiyaya qarşı olduqca düşməncəsinə görünür. Xarici işlər nazirinin müavini səviyyəsində Ermənistan hakimiyyətinə artıq Rusiyanın mövqeyi bildirilmişdir. Lakin belə görünür ki, təkcə sözlər kifayət etmir. Artıq işə keçmək lazımdır. Paşinyan sərt sözlərdən deyil, sərt hərəkətlərdən başa düşür. Və indi çox güman ki, Rusiya rəhbərliyi hansı cəhətdən real işlə cavab verə biləcəyini düşünür. Mən düşünürəm ki, Paşinyan indi Azərbaycanın Qarabağda hərbi əməliyyata başlayacağına, bütün Qarabağı tam azad edəcəyinə  hazırdır. Belə olan halda o, bunda Rusiyanı günahlandıracaq və nəhayət, Rusiya ilə bütün əlaqələri tamamilə kəsərək Qərbə doğru hərəkətliliyini tamamlayacaq. Bu, onun məqsədidir.

Ölkəmizdə bununla bağlı diskussiyalar aparılır. Əksəriyyət hesab edir ki, baş verənlərə dair yanaşma sərt olmalıdır. Lakin Rusiyada erməni lobbisi var və onlar deyir ki, yumşaq yanaşmaq lazımdır ki, qarşılıqlı anlaşma daha çox olsun və Ermənistan Rusiyaya doğru hərəkət etməyə başlasın. Amma bu və ya digər halda ölkəmizin rəhbərliyi Nikol Paşinyanın Rusiyaya qarşı atdığı bu çağırışa cavab axtarışındadır".

"Respublika".