Siyasi riyakarlığın son həddi
Siyasət

Siyasi riyakarlığın son həddi

Fransa separatizm meyillərini və separatçıları dəstəkləyir

Qlobal müstəvidə özünü "demokratiya və insan haqlarının müdafiəçisi" kimi təqdim etməklə, beynəlxalq ictimai rəyi tarixi cinayətlərindən və bu gün də davam etməkdə olan neokolonializm siyasətindən yayındırmağa çalışan Fransa 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edir. XXI əsrdə müstəmləkəçiliyin mövcudluğu bəşəriyyətin üzqarasıdır və Fransanın neokolonializm siyasəti əslində bütün sivil bəşəriyyətə, humanizm prinsiplərinə qarşı elan olunmamış müharibədir.

Lakin dünya dəyişir və artıq Fransa kimi ölkələrin müxtəlif resurslardan, xüsusilə də transmilli medianın, "insan hüquq və azadlıqlarının müdafiəsi" adı altında yaradılan geosiyasi təzyiq alətlərinin vasitəsilə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan müstəmləkəçilik siyasətini gizlətmək, fransız neokolonializminə etiraz edənləri susdurmaq cəhdləri iflasa uğrayır.

Bu istiqamətdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə başlatdığı fəal müqavimət prosesi "Bandunq prinsipləri"nin yenidən fəal şəkildə təbliğ olunmasına, müstəmləkəçilikdən və neokolonializmdən əziyyət çəkən xalqların haqq səsinin ucaldılmasına zəmin yaradıb. Bu gün rəsmi Parisin ölkəmizə qarşı yürütdüyü aqressiv, beynəlxalq hüquqazidd siyasətinin təməlində dayanan amillərdən biri də Azərbaycanın fransız neokolonializmindən əziyyət çəkən xalqlara verdiyi dəstək və neoimperialist iddialara boyun əyməməsidir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalayıb və qeyd edib ki, Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d'İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa, eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır.

Prezidentin qeyd etdiyi kimi, 1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir. BMT Baş Assambleyası 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. Lakin Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq başqa ölkənin ərazisini zor yolu ilə öz ərazisinə qatıb. Bu, açıq-aşkar işğal və anneksiyadır. Bu baxımdan, Fransa kimi antihumanizm və insanlıq əleyhinə cinayətlərin simvoluna çevrilmiş bir ölkənin öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinə əməl olunmaqla təmin edən Azərbaycana qarşı yalan və böhtan üzərində qurulmuş ittihamlarla çıxış etməsi siyasi riyakarlığın son həddidir.

Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Şübhəsiz ki, Fransanın regionumuzda həyata keçirdiyi siyasətin bu günə qədər heç bir perspektivi olmadığı kimi, bundan sonra da olmayacaq. Heç bir təzyiq Azərbaycan xalqının və dövlətinin iradəsinə güc gəlmək iqtidarında deyil.                

Azər KƏRİMLİ,

millət vəkili.