Son 100 ilin ən dəhşətli zəlzələləri
Digər xəbərlər

Son 100 ilin ən dəhşətli zəlzələləri

Yerin səthi müxtəlif süxurlardan təşkil olunmuşdur. Daxili qatlarda olan temperatur və təzyiq fərqi litosferdə müxtəlif proseslərin əmələ gəlməsinə səbəb olur. Yerin alt qatında baş verən təkanlardan onun səthinin müəyyən vaxt ərzində titrəməsi isə zəlzələ yaradır. Zəlzələlər gücündən asılı olaraq bir-birindən fərqlənir və 12 ballıq şkala ilə ölçülür. Belə ki, 2 baldan 4 bala qədər baş verən zəlzələlər əksər hallarda hiss edilmir. 4-6 bala qədər olan zəlzələlər isə hiss edilməklə yanaşı, həm də köhnə tikililərə zərər dəyməsi ilə müşahidə olunur. 6-8 bal gücündə olan zəlzələlər isə ciddi təhlükələrə, kütləvi insan tələfatına səbəb olur. 8-9 bal gücündə baş verən təkanlar nəticəsində çoxlu sayda ölən və yaralananlarla yanaşı, 40 metrədək sunaminin baş verməsi də mümkündür. Əfsuslar olsun ki, zəlzələnin nə zaman baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir.

Təbii fəlakətlərin ən çox yaşandığı ölkələrdən biri də Türkiyədir. Son 100 il ərzində tarixə nəzər salsaq, qardaş ölkədə saysız-hesabsız dağıdıcı zəlzələlərin baş verdiyini görərik. Belə ki, 1939-cu il 26 dekabr tarixində Ərzincanda baş vermiş zəlzələ Türkiyə tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. 7,9 bal gücündə 57 saniyə davam edən dəhşətli zəlzələdə şəhər darmadağın olmuş, 32 min 968 nəfərin həyatına faciəvi şəkildə son qoyulmuşdur. Təxminən 17 min bina dağılmış, 100 min nəfər insan yaralanmışdır. 400 nəfər sakini olan bir kənddən yalnız 1 qız uşağının sağ çıxdığı deyilir.

Dağıdıcı təbii fəlakətlərdən biri də 1943-cü il 26 noyabrda qeydə alınmış, 7,2 bal gücündə olan Tosya-Ladik zəlzələsidir. Zəlzələ nəticəsində 4 min nəfər həyatını itirmiş, xeyli tikiliyə külli miqdarda ziyan dəymişdir.

1930- cu il may ayının 7-də Türkiyə-İran sərhədində baş verən zəlzələ öz dağıdıcı gücünə görə digərlərindən fərqlənir. 7,2 bal gücündə olan bu zəlzələdə 2514 nəfər həyatını itirmiş, 3 minə yaxın bina dağılaraq yararsız vəziyyətə düşmüşdür.

Gerede-Bolu bölgəsində 1944-cü il fevralın 1-də qeydə alınan zəlzələ nəticəsində isə 50 mindən çox evə ciddi ziyan dəymişdir. Təbii fəlakətdən 1 gün sonra baş verən ikinci zəlzələ Boluda böyük dağıntılara səbəb olmuş, hadisə nəticəsində ümumilikdə 3959 nəfər həyatını itirmişdir.

Gölcük zəlzələsi 1999-cu il avqustun 17-də baş vermişdir. 7,8 bal gücündə qeydə alınan zəlzələ böyük itkilərə, dağıntılara səbəb olmuşdur. Zəlzələ nəticəsində 17,480 nəfər həyatını itirmiş, 48 min 901 nəfər yaralanmışdır.

2011-ci il oktyabrın 23-də baş verən Van-Erciş zəlzələsi Van və ətraf rayonlara dağıdıcı ziyan vurmuşdur. Fəlakət nəticəsində 644 nəfər həyatını itirmişdir.

 Bunlardan əlavə, Türkiyədə müxtəlif dövrlərdə dağıdıcı təsirə malik olan bir sıra zəlzələlər də baş vermişdir. Bunlara Yenice (1953-cü il), Abant (1957-ci il), Gediz (1976-cı il), Düzce (1999-cu il), Elazığ (2020-ci il) və s. daxildir. Bu zəlzələlərin hər biri 7 baldan yuxarı dağıdıcı gücə malik olmaqla, xeyli insan tələfatı ilə nəticələnmişdir.

Xatırladaq ki, bu il fevral ayının 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda isə 7,6 bal gücündə zəlzələlər baş vermişdir. Güclü yeraltı təkanlardan sonra ərazidə 6,6 baladək yüzlərlə afterşoklar da qeydə alınmışdır. Baş verən təbii fəlakət nəticəsində 30 mindən artıq insan həyatını itirmiş, ərazi böyük dağıntılara məruz qalmışdır.

Nəzrin ELDARQIZI,

"Respublika".