Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan
Digər xəbərlər

Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan

İkinci Qarabağ müharibəsi üç ilə yaxın müddətdir ki, başa çatıb. Buna baxmayaraq, hələ də Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Bunun əsas səbəbi İrəvan rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv yanaşma sərgiləməsi və Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürməsidir. Halbuki, müharibə başa çatandan sonra qalib tərəf olmasına baxmayaraq, dövlətimiz Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün qarşı tərəfə 5 baza prinsipindən ibarət sülh paketi təqdim etdi.

Adətən sülh müqaviləsində qalib dövlətlər məğlub olan tərəfə bir çox şərtlər diktə etsə də, Azərbaycan hökuməti fərqli yanaşma sərgiləyərək barışıq anlaşmasının beynəlxalq hüquq çərçivəsində olmasını üstün tutdu. Burada iki dövlət arasındakı münasibətlərin normallaşması üçün ədalətli mexanizm müəyyən olunub. Həmin şərtlərin heç birində Ermənistana qarşı qeyri-obyektiv yanaşma sərgilənmir. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyinin qarşılıqlı şəkildə tanıması, bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi sülh təklifinin əsas şərtləridir.

Ermənistanın bu öhdəliklərdən dolayı yolla qaçması regionda yeni müharibə üçün şərait yaradır. Bu da özlüyündə beynəlxalq münasibətlər sistemində yazılmamış qanun olan "sülh istəyirsənsə, müharibəyə hazır olmalısan" prinsipini yenidən gündəmə gətirir. Elə bu səbəbdən, bugünkü reallıqlar öncədən hesablanaraq Vətən müharibəsi başa çatdıqdan sonra tez bir zamanda ordu quruculuğunda islahatlara başlanıldı. Ali Baş Komandanın tapşırığı ilə Silahlı Qüvvələrin arsenalına yeni silahlar daxil edildi və Müdafiə Nazirliyi tərkibində komando bölmələri yaradıldı. Bu günə nəzər salsaq əminliklə söyləyə bilərik ki, Azərbaycan Ordusu 2020-ci ildə böyük Zəfər qazanmış ordudan qat-qat güclüdür. Müharibədən sonra bu işlərin həyata keçirilməsi olduqca zəruridir. Səbəb isə ondan ibarətdir ki, Ermənistanın bu məğlubiyyətlə barışacağına tam əmin deyildik. Çünki ara-sıra qarşı tərəfdən revanşist iddialar səslənir və üçüncü Qarabağ savaşı mesajları göndərilirdi.

İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevə elə bu istiqamətdə sual verildi. ABŞ-dan olan jurnalist Ceyms Flunun: "…ölkənizlə bağlı ən əsas təhlükələri nədə görürsünüz" sualını cavablandıran dövlət başçısı qeyd etdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Keçmişdə bizə qarşı ən böyük təhlükənin Ermənistan və onun işğalı olduğunu bildirən ölkə başçısı hazırda bu məsələnin öhdəsindən gəldiyimizi diqqətə çatdırdı. Ancaq istisna etmədi ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər: "Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var. O da bizim tariximizdən qaynaqlanır və biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Bunu deyərkən, əlbəttə, biz gələcəkdə yarana biləcək təhlükələri istisna etməməliyik...".

Artıq Azərbaycan bir neçə dəfə Ermənistanla danışıqlar prosesində sülhün təminatının yalnız güc olduğunu sübut edib. Fakt kimi deyə bilərik ki, İrəvan rəhbərliyi Vətən müharibəsindən sonra öz xoşu ilə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu qəbul etmək istəmirdi. Lakin Fərrux əməliyyatı, 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma, Qisas-1, Qisas-2 əməliyyatları və bir neçə strateji əhəmiyyətli yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməsinə səbəb oldu. Halbuki, neçə illərdir bunu BMT kimi aparıcı təşkilat Ermənistan dövlətinə qəbul etdirə bilməmişdi. Onların edə bilmədiyini bu gün Silahlı Qüvvələrimiz layiqincə yerinə yetirməyi bacarır.

Sonda isə geriyə qalan tək bir mərhələ var. O da Nikol Paşinyanın şifahi səsləndirdiyi fikirlərinin rəsmi sənəddə etirafıdır. Əgər bu, baş verməsə, heç bir təşkilat və ya danışıqlar prosesinə vasitəçilik edən dövlət yeni müharibənin olmayacağına zəmanət verə bilməz. Elə Nikol Paşinyanın son sözləri də onu deməyə əsas verir ki, müharibə sülhə vasitədir. "Frans Press" agentliyinə müsahibə verən baş nazir sülh müqaviləsinin bağlanmadığı müddətdə müharibənin qaçılmaz olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanana və bu saziş parlamentlər tərəfindən təsdiq olunana qədər müharibənin təkrarlanması ehtimalı böyükdür.

Bir məqamı da vurğulamaq yerinə düşər. Ermənistan nə qədər tez Azərbaycanın xoş təşəbbüslərinə müsbət cavab versə, bu, onlar üçün yaxşı olar. Əks halda, xarici dairələrə ümid bağlayıb, yenidən döyüş meydanına girmək onlara baha başa gələcək. Çünki gec-tez bu məsələ öz həllini tapmalıdır. İndiki məqamda isə bu, Ermənistan tərəfindən asılıdır. Onlar öz seçimini edəcək. Ya sülh, ya da müharibə…

Musa BAĞIRLI,

"Respublika".