Sülh müqaviləsinin reallaşmasında vasitəçi olmaq istəyən Ağ Ev məsələlərə obyektiv yanaşmalıdır
Siyasət

Sülh müqaviləsinin reallaşmasında vasitəçi olmaq istəyən Ağ Ev məsələlərə obyektiv yanaşmalıdır

ABŞ qlobal aktor kimi dünyanın bir çox yerlərində, eləcə də Cənubi Qafqazda gedən prosesləri nəzarətində saxlamaq istəyir.

Bu məqsədlə həm birinci, həm də  İkinci Qarabağ müharibəsindən sonra ABŞ Azərbaycan-Ermənistan arasında gedən danışıqlar prosesində aktiv rol almışdı. Lakin ABŞ nə ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu müddətdə, nə də postmüharibə dövründə etdiyi vasitəçilik missiyasında ciddi bir uğur əldə edə bilməyib.

Bunun əksinə olaraq Ağ Ev bu günə qədər yalnız ermənipərəst mövqeyilə yaddaşlarda qalıb. Son dönəmlərdə Vaşinqton rəsmilərinin Azərbaycana qarşı qərəzli siyasət aparması bunu bir daha təsdiq edir.

İkinci Qarabağ müharibəsinin başa çatması ilə Moskva, Brüssel və Vaşinqtonun təşkil etdiyi sülh masalarında öncə vasitəçilər neytrallıq nümayiş etdirsələr də sonradan subyektiv yanaşma sərgiləməyə başladılar. Xüsusilə Vaşinqton və Brüsselin Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsini həzm edə bilməməsi, ard-arda ölkəmizə qarşı yalan və iftira dolu bəyanatların səslənməsinə səbəb oldu. Qərb siyasi mərkəzləri əvvəlcə Qarabağın erməni əhalisinin guya zorla deportasiya edilməsini gündəmə gətirsə də, BMT bunu təkzib etdi. Bundan sonra ABŞ 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişi gündəmə gətirərək Azərbaycana qarşı təzyiqləri artırmağa başladı. Bununla da gerçək niyyətini üzə çıxardan Ağ Ev bir daha sübut etdi ki, 31 il öncə "Azadlığa Dəstək Aktı"nı qəbul etməkdə məqsəd heç də yeni müstəqillik qazanmış dövlətlərin istiqlaliyyətini qorumaq yox, "dəstək proqramı" adı ilə bu dövlətləri özünün təsir dairəsinə daxil etmək olub. Dövlətimizin belə qərəzli siyasi hücumlar qarşısında geri addım atmaması ABŞ-ı daha da azğınlaşdırıb. Belə ki, Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına əsasən, ABŞ Dövlət Departamenti  ölkəmizi 2023-cü ildə dini etiqad azadlığı üzrə "xüsusi izləmə siyahısı"na daxil edib. 2022-ci ildə analoji hesabatda ölkəmizə dair müsbət hallar qeyd olunsa da, amma dövlətimizin Xankəndi zəfərindən sonra Azərbaycanda multikulturalizmi şübhə altına almağın tək səbəbi erməni təəssübkeşliyindən başqa bir şey deyildir. Hər kəsə bəllidir ki, Azərbaycan bu məsələdə dünyaya örnək bir yanaşma sərgiləyib və bu günə kimi respublikamızda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilib. Hər bir vətəndaş milli, dini, irqi ayrı-seçkilik edilmədən cəmiyyətin ictimai həyatında təmsil olunur, iştirak edir və Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli dövlətlər sırasında yer alır.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası keçənilki hesabatında təcavüzkar dövlət olan Ermənistan tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə 403 tarixi və dini abidənin olmasını və 67 məsciddən 63-nün tamamilə, dördünün isə qismən dağıdılmasını və yararsız hala düşdüyünü bildirmişdi. Buna baxmayaraq, bu cür vandalizm hallarını törətmiş və uzun illər torpaqlarımızı işğal altında saxlamış Ermənistana qarşı bu günə qədər Dövlət Departamenti tərəfindən hər hansı irad olmayıb. Halbuki, sülh müqaviləsi bağlanmasında vasitəçi olmağa iddialı dövlət məsələlərə qərəzsiz yanaşmalıdır.

ABŞ təkcə Cənubi Qafqazda yox, hazırda davam edən və minlərlə insanın ölümünə səbəb olan, Yaxın Şərqdə və Ukraynadakı müharibələrdən də öz xeyrinə sui-istifadə etməyə çalışır. Məlumdur ki, bu gün iki slavyan xalqının bir-birinə qarşı bu cür amansız olmasında əsas səbəblərdən biri də Qərbin tutduğu mövqedir. Ərazisi darmadağın olan, hər gün körpələrin, yaşlıların dünyasını dəyişdiyi Ukraynada müharibəni dayandırmaq əvəzinə, qızışdırıcı çağırışlar edən Avropa dövlətləri və ABŞ qurduqları oyuna günahsız insanları qurban verir.

Digər bir misal Qəzza zolağında baş verən hadisələrdir. İsrail və HƏMAS arasında artıq bir neçə müddətdir ki, Qəzza zolağında davam edən müharibə böyük humanitar böhrana səbəb olsa da, ABŞ BMT Təhlükəsizlik Şurasının dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub. Elə buradan da aydın olur ki, hansı regionda ABŞ varsa, orada qanlı müharibələr, sonu bilinməyən münaqişələr baş verəcək və bunun dayandırılması xeyli çətin olacaq. Ona görə də Bakı ilə İrəvan arasında aparılan danışıqlar prosesində Vaşinqtonun kənarda qalması sülhə daha çox töhfə verəcək.

Musa BAĞIRLI,

"Respublika".