ŞUŞA -MÜQƏDDƏS AZƏRBAYCAN ŞƏHƏRİ
Digər xəbərlər

ŞUŞA -MÜQƏDDƏS AZƏRBAYCAN ŞƏHƏRİ

Şuşa zəngin və şanlı keçmişi, mədəniyyəti, memarlığı və füsunkar gözəlliyi ilə Azərbaycanın tarixində və taleyində silinməz izlər buraxıb və milli şüurumuzun dərinliklərinə qədər nüfuz edib. 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsindən sonra Azad Şuşa haqqında bir çox kitablar və məqalələr yazılıb. Ötən il ölkəmizdə "Şuşa İli" kimi yadda qalıb. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmışdır. 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşada Bəyannamə imzalanıb.

Şuşanın salınması tarixindən başlamış bu günə qədər keçən 270 illik dövrü əhatə edən "Şuşa müqəddəs Azərbaycan şəhəri" adlı kitab bu yaxınlarda Azərbaycan Dövlət Nəşriyyatında işıq üzü görüb. Hüquq elmləri doktoru Fazil Zeynalovun böyük zəhmət bahasına ərsəyə gətirdiyi bu kitabda Qarabağ xanlığının və onun mərkəzi Şuşanın Azərbaycanın dövlətçilik tarixində yeri və əhəmiyyəti beynəlxalq hüquq kontekstindən çıxış edərək oxuculara çatdırılır. Həmçinin, bu kitab ermənilərin Şuşanın qədim erməni şəhəri olması haqqında iddialarının heç bir əsası olmadığını faktlarla və dəlillərlə bir daha sübut edir.

Müəllif kitabın "Şuşa, suveren Azərbaycan dövlətçiliyinə keçidin rəmzi kimi" adlanan birinci fəslində Qarabağın tarixinə ekskurs edərək Qarabağ xanlığını suveren Azərbaycan dövləti kimi xarakterizə edir, suveren dövlətçiliyin xalqımızın milli şüurunun və vətənpərvərlik hissinin güclənməsində rolundan bəhs edir.

Kitabın "Şuşa, suveren Azərbaycan dövlətçiliyi tarixinin məğrurluq rəmzi kimi" adlanan ikinci fəslində müəllif şəhəri hərbi hücumlara sinə gərən alınmaz qala kimi və Qarabağ xanlarının və onların varislərinin mirası və əsas iqamətgahı kimi təsvir edir.

"Şuşa, Azərbaycana mənsub azərbaycanlı şəhəri" adlanan üçüncü fəsildə müəllif Şuşa şəhərinin "Şuşi" adlandırılması ilə bağlı ermənilərin 28 illik işğal dönəmində qaldırdıqları iddiaların heç bir tarixi reallığa əsaslanmadığını, Adolf Berje, Luis Mozer, Elize Reklüs kimi avropalı səyyahların və tədqiqatçıların əsərlərində, həm tarix kitablarında, həm də çar Rusiyasının və sovet dövrünün bütün rəsmi sənədlərində, xəritələrində, rus rəssamı və yazıçısı Vasili Vereşaginin rəsm əsərlərində şəhərin adının Şuşa kimi öz əksini tapdığını mənbələr əsasında oxucuların diqqətinə çatdırır.

Müəllif yazır ki, ilk əvvəl Pənahabad (həmçinin Qala) adlanan Şuşa qalası, Azərbaycan xalqının dövlətçilik ənənəsinin tarixi inkişafının yeni mərhələsinə keçidi şərtləndirən suveren xüsusiyyətlərə malik Qarabağ xanlığının və öz milli dövlətinə bağlılığını ifadə edən azərbaycanlıların sıldırım qaya üzərində, sıx meşəlik ərazidə inşa etdiyi və qürurla düşmənlərdən müdafiə etdiyi yadigarıdır.

Kitabın dördüncü fəsli "Şuşa, Azərbaycanın milli inkişaf rəmzi kimi" adlanır. Müəllif Şuşanı azərbaycanlı memar və ustalar tərəfindən milli memarlıq ənənələri əsasında inşa edilən, milli-mədəni inkişafa mühüm töhfə verən və iqtisadi-ticari münasibətlərin mərkəzi kimi təqdim edir. Müəllif Şuşada Pənahəli xanın, İbrahimxəlil xanın, Ağabəyim ağanın, Gövhər ağanın, Natəvanın və digər imkanlı şəxslərin inşa etdirdikləri saraylar, imarətlər, məscidlər və digər tarixi-memarlıq nümunələri haqqında ətraflı məlumat verir. Müəllif ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin tarixi simasının və maddi mədəniyyət abidələrinin qorunması məqsədilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildiyini və bu qərarın şəhərin tarixi-mədəni irsinin qorunub saxlanılmasında müstəsna əhəmiyyətə malik olduğunu yazır.

Şuşa şəhərinin Azərbaycan milli musiqi məktəbinin əsas mərkəzlərindən biri olduğunu və musiqi irsinə verdiyi töhfələrlə dünyanın müxtəlif böyük şəhərləri ilə eyni sırada qərarlaşdığını, Şuşanın həm də "Qafqazın konservatoriyası", "Qafqazın İtaliyası" kimi şöhrət qazandığını yazır müəllif. Kitabda Üzeyir Hacıbəyov başda olmaqla Şuşanın yetişdirdiyi görkəmli bəstəkarlar, Hacı Hüsü başda olmaqla xanəndələr və Sadıqcan başda olmaqla tarzənlər haqqında ətraflı məlumat verilir.

Şuşalı ədiblər, ziyalılar və mütəfəkkirlər arasında Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digərləri haqqında ətraflı məlumat verilir. Şuşada fəaliyyət göstərmiş ədəbi məclislər haqqında da kitabda geniş şəkildə bəhs edilir.

Müəllif yazır ki, Şuşanın əlverişli coğrafi mövqeyi, qonşu şəhər və ölkələrə gedən karvan yollarının üzərində yerləşməsi və ticarət mərkəzinə çevrilməsi onun "Qafqazın Gibraltarı" (yəni turizm və ticarət bölgəsi) adlanmasına səbəb olmuşdur. Əgər XIX əsrin 30-cu illərində şəhərdə 200 tacir və 266 sənətkar fəaliyyət göstərirdisə, onların sayı əsrin sonlarında müvafiq olaraq 1416 və 2738 nəfərə çatmışdır. Şuşa Azərbaycanın qədim xalçaçılıq sənətinin əsas sütunlarından və mərkəzlərindən biri olmuşdur.

Müəllif kitabın "Şuşa, Ermənistanın işğalına son qoyan azadlıq rəmzi kimi" adlanan fəslində Azərbaycan xalqının 28 il ərzində məruz qaldığı ədalətsizliyə qanı ilə son qoyaraq, 2020-ci ilin payızında Şuşanı azadlığa qovuşduran, Ermənistanın təcavüzünə və işğalına son qoyan 44 günlük Vətən müharibəsini Azərbaycan tarixinin yeni milli qəhrəmanlıq salnaməsi kimi xarakterizə edir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şəhidlərin və qazilərin tökülmüş qanları hesabına başa gələn bu şanlı qələbəni uzunmüddətli islahatların və ordu quruculuğunun müasir standartlar əsasında formalaşdırılmasının nəticəsi olaraq səciyyələndirir.

Müxtəlif dillərdə zəngin elmi ədəbiyyatdan istifadə edilərək yazılan kitabın sonuna bir sıra sənədlərin mətnləri və xəritələr əlavə edilmişdir.

Fransa, Kanada və Almaniyada kitabları çap olunan Fazil Zeynalovun "Şuşa müqəddəs Azərbaycan şəhəri" adlanan kitabı da xarici oxucu auditoriyasının kriteriyalarına uyğun şəkildə qələmə alındığı üçün müxtəlif dillərə tərcümə edilərək yayılması vacibdir.

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru.