Tarixdə ilk dəfə Avropa çempionatının komanda yarışlarında qızıl medal qazanan millimiz Vətənə qayıdıb
İdman

Tarixdə ilk dəfə Avropa çempionatının komanda yarışlarında qızıl medal qazanan millimiz Vətənə qayıdıb

Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, tarixdə ilk dəfə Avropa çempionatının komanda yarışlarında qızıl medal əldə edən millimiz Heydər Əliyev adına Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.

Qarşılanma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, futbolçuların yaxınları və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1, ikinci görüşdə Almaniya yığmasını 4:2, yarımfinalda isə İtaliya yığmasını 4:2 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.

Millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.