Tarixi qayıdışın və xilaskarlıq missiyasının uğur düsturu
Digər xəbərlər

Tarixi qayıdışın və xilaskarlıq missiyasının uğur düsturu

Bu gün qalib Azərbaycanın dünyaya səs salan uğurları, yaratdığı yeni reallıqlar təbii ki, düşünülmüş və məqsədyönlü, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin olmaması, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin həyata keçirdiyi siyasətin fəsadları böyük çətinliklər yaratdı, dövlət müstəqilliyinin taleyini sual altına aldı. Bir həqiqət var ki, milli lider dövlətin özünütəsdiqində, beynəlxalq siyasətin formalaşmasında mühüm rol oynayan əsas amildir. Tarixi nailiyyətimiz olan müstəqilliyimizin daimi, sarsılmaz olması üçün hansı mərhələlərin yaşandığı unudulmamalı, indiki və gələcək nəsillərə çatdırılmalıdır. Dövlətinin, xalqının gələcəyini düşünən, daim ölkəsini zirvələrdə görmək istəyən Liderə milyonların sevgisi şəksizdir. Əbəs yerə deyilmir ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.

Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsindən bəhrələnərək ölkəmizi parçalanmaqdan xilas etdi, yeni Azərbaycan qurdu. O illərdə "olum, ya ölüm!" dilemması qarşısında qalan Azərbaycanı bu gün qalib ölkə kimi görürüksə, bu, böyük səylərin, qətiyyətin, dövlətini, xalqını sevən və onun gələcəyi barədə düşünən Liderin yaratdığı möhkəm təməlin, düzgün müəyyənləşdirdiyi yolun nəticəsidir. Ümummilli Lider Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Azərbaycanın hazırkı iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində həmin tarixi qayıdış dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider Heydər Əliyev ilk gündən bu çağırışı etdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Ulu Öndər Heydər Əliyev ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa, onu sabit inkişaf səviyyəsinə yüksəltməyə nail oldu.

Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb oldu. Bu dövlətlər, şirkətlər yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Lider "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" çağırışı ilə hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək əlaqələrin inkişafı üçün mühüm şərait yaratdı. Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ümummilli Lider bu reallığı da diqqətə çatdırdı ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanması bunun təsdiqi oldu. Bu saziş Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, ölkəmizə inamı artırdı. "Əsrin müqaviləsi"ndən sonra imzalanan sazişlərin say tərkibinə diqqət yetirmək kifayətdir. "Əsrin müqaviləsi" Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın fonunda illər keçdikcə imzalanan sazişlərin, Anlaşma Memorandumlarının sayı artdı. Azərbaycan ölkəmizə xoş niyyətlə ayaq basan bütün iş adamlarına qapılarını açdı, onların yatıracaqları investisiyaların təhlükəsizliyinin təmin olunacağını bəyan etdi. Bu baxımdan "Əsrin müqaviləsi"nin əhəmiyyətindən bəhs edərkən onun yalnız iqtisadi deyil, siyasi tərəfi də xüsusi önəm daşıyır. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. "Üç dəniz əfsanəsi" adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi Azərbaycana çox böyük siyasi və iqtisadi gəlir gətirdi. İllər keçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən beynəlxalq səviyyəyə çıxması Azərbaycanın etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Hazırda çoxtərəfli əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TAP-ın və TANAP-ın genişləndirilməsi əsas hədəflər sırasındadır. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin reallığa çevrilməsi ilə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.

İqtisadi və siyasi islahatların vəhdətinin qorunması hərtərəfli inkişafa yol açdı. Azərbaycanın demokratik inkişafı təmin edildi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı, ordu quruculuğu dövlətin siyasətində əsas istiqamətlərdən biri oldu, iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsi əsasında ölkəmizin siyasi çəkisi və nüfuzu artdı.

Azərbaycanın hər bir sahədə qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2023-cü ilin Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi Azərbaycanın çoxəsrlik tarixinin hər bir səhifəsinin vərəqlənməsinə, öyrənilməsinə, yeni araşdırmaların aparılmasına, eyni zamanda yeni kitabların çap olunmasına geniş imkanlar açdı. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev geniş islahatları, yeniliyi özündə ehtiva edən addımları ilə ölkəmizi Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. Cənab İlham Əliyevin ötən il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa müraciətini məhz Qarabağdan, azad Şuşadan çatdırması bunun bariz nümunəsidir. Cənab İlham Əliyev sözügedən müraciətində bu məqamı xüsusi qeyd etmişdir: "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi". Dövlətimizin başçısı onu da qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edərkən Onun 2003-cü ildə xalqa tarixi müraciəti daha çox önə çəkilir. Çünki bu müraciət Azərbaycanın bugünkü və gələcək inkişafının əsası oldu. Məhz həmin müraciətində Ümummilli Lider belə bir əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev axıra çatdıracaq.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, həmçinin ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Heydər Əliyev siyasətinin təntənəsidir. Rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycana tarixi Zəfəri yaşadan, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirən qalib Prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə yanaşı, eyni zamanda dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Fondunun yaradıldığı gündür. Fond tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr müxtəlif sahələri əhatə etməklə Azərbaycanın hərtərəfli inkişafına böyük dəstəkdir. Fondun tariximizin, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir və diplomatik mübarizədə qələbəmizdə öz payı vardır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ildə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin ediləndə Təhlükəsizlik Şurasının iclasında ölkə Prezidenti bu mühüm qərarın qəbul edilməsini şərtləndirən amillərdən bəhs edərkən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmişdir.

Heydər Əliyev Fondunun Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin təbliğində, Heydər Əliyev irsinin öyrənilməsində və gələcək nəsillərə çatdırılmasında xüsusi rolu vardır. Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə səsləndirdiyi "Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların, arzuların reallaşması insan fenomeninin gücünə mümkündür… Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir" fikirləri dahi şəxsiyyətin xidmətlərinin ölçüyəgəlməzliyinin aydın mənzərəsini təqdim edir.

Ayaz CƏBRAYILOV,

YAP Kürdəmir rayon təşkilatının sədri.