İçməli sudan qanunsuz istifadə halları aşkarlanıb
Digər xəbərlər

İçməli sudan qanunsuz istifadə halları aşkarlanıb

 Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. Bu barədə DSA-nın məlumatında bildirilir.

Abşeron rayonu, Hökməli – Qobu yolu üzərində bir sahibkara məxsus 3 obyektdə - “Üç qardaş” kafesi, “Kəndimizin təndir”i və avtomobil yuma məntəqəsində suyun talanması faktı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz şəkildə istifadə edib. Bundan başqa digər ünvanlarda da sudan qanunsuz istifadə ilə bağlı obyektlərin  su təchizatı dayandırılıb.   

Aşağı Güzdək qəsəbəsində yerləşən “Zirvə” kafesinə su sayğacı quraşdırılsa da, obyekt sahibi sayğacdankənar əlavə xətt çəkərək sudan qanunsuz istifadə edib. Sudan qeyri-qanuni istifadəyə görə dəymiş ziyan hesablansa da  obyekt sahibi ödənişdən yayınıb. Hətta sahibkar yığılmış borcların hissəli ödənilməsi üçün güzəşt imkanından da yararlanmayıb. Hökməli qəsəbəsində yerləşən ət kəsimi məntəqəsinin sahibi də texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edib.

Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək.

“Respublika”.