TDT: iqtisadi potensial və çoxşaxəli əməkdaşlıq platforması
Türk dünyası

TDT: iqtisadi potensial və çoxşaxəli əməkdaşlıq platforması

Türk Dövlətləri Təşkilatı istər regionda, istərsə də qlobal aləmdə cərəyan edən proseslərə təsir göstərmək baxımından ciddi güc mərkəzinə çevrilib. Bu il noyabrın 6-da Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü də mövcud beynəlxalq proseslərin fonunda xüsusi əhəmiyyət kəsb edir. Görüşdə səsləndirilən fikirlər dünyanın mühüm analitik mərkəzlərində təhlil olunmaqla yanaşı, gələcək proqnozları da formalaşdırır.

TDT-nin müxtəlif istiqamətlərdəki fəallığı üzv ölkələrin inkişafında səmərəli rol oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, güclü dövlətin varlığı məhz güclü iqtisadiyyatın mövcudluğu ilə mümkün ola bilər. Bu çərçivədə TDT iqtisadi əməkdaşlığa olduqca böyük önəm verir. Rəsmi statistikaya nəzər yetirsək görərik ki, türk dövlətlərinin iqtisadiyyatı dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini, qlobal Ümumi Daxili Məhsulun isə 1,6 faizini təşkil edir. Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində Ümumi Daxili Məhsula və 855 milyard dollardan çox ticarət dövriyyəsinə malik olan türk dövlətləri böyük iqtisadi potensialı, enerji resursları, nəqliyyat yolları ilə iqtisadi layihələrdə daim diqqət mərkəzindədir.

Respublikamız Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoymuşdur ki, bunun da əsas hissəsi qardaş ölkə Türkiyəyə ayrılmışdır. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz bu ilin sonunadək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı qarşıya hədəf qoyublar. Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçirib. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq göstərirlər. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi ötən ilin martında qüvvəyə minib. Qardaş ölkə sözügedən sənədi artıq digər dost ölkələrlə imzalamaq mərhələsindədir. Bu isə Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələrin daha da dərinləşəcəyini söyləməyə əsas verir.

Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Bu çərçivədə birgə sərmayə fondlarının yaradılması prosesinə də başlanılmışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması da bunun əyani sübutudur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsində 40 faiz artım müşahidə olunur. TDT-də təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi qlobal miqyasda örnək göstərilir. İqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlərin keçirilməsi və biznes forumların təşkil olunması da bunu təsdiqləyir. Həmin görüşlərdə quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri daim müzakirə olunur. Bu isə investisiya mühitinin yaxşılaşdırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və sahibkarlıq üzrə işçi qruplarının yaradılmasına mühüm töhfə verir.

TDT çərçivəsində mövcud potensialdan səmərəli istifadə üçün "Türk Dünyası Vizyonu-2040" və TDT 2022-2026 Strategiyası sənədləri də qəbul edilmişdir. Ticarətin asanlaşdırılmasına dair ən mühüm sənədlərə nümunə olaraq "Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" və "Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında" sazişləri göstərmək olar. Bu sənədlər hüquqi məsuliyyət daşımaqla ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına yönəlmişdir.

TDT-yə üzv ölkələrin son dövrlərdə nəqliyyat sektorunda da əlaqələri genişlənib. Hazırda regionda yaranan yeni reallıqlar fonunda Naxçıvana, oradan da Türkiyəyə qədər uzanacaq Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlər görülür. Bununla Türk dövlətlərinin tarixi-coğrafi birliyinin bərpa olunması nəzərdə tutulub. Dəhliz Türkdilli ölkələr arasında ticarət dövriyyəsi ilə yanaşı, beynəlxalq yükdaşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq.

Azərbaycanın təqdim etdiyi layihə təkcə Zəngəzur dəhlizi deyil. Ölkəmiz son illərdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti əsasında özünün nəqliyyat-logistika infrastrukturunu əhəmiyyətli dərəcədə müasirləşdirib. Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi bu sahənin inkişafına xüsusi təkan vermişdir. Bakı-Tbilisi-Qars dəmir yolu da Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə müsbət təsir edir. Eyni zamanda Xəzər sahilində yaradılan Ələt limanı da ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmiz Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz rolunu davam etdirir.

Nurlan ABDALOV,

"Respublika".