Tələbə adını qazanan qürurlu GƏNCLƏR
Elm və təhsil

Tələbə adını qazanan qürurlu GƏNCLƏR

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam dəyərli təhsil ənənələrinə malikdir, bu qədim diyar Azərbaycana görkəmli alimlər, elm xadimləri bəxş edib. Vaxtilə Ağdamda dörd texnikum, ikiillik müəllimlər institutu, yüzlərlə orta məktəb fəaliyyət göstərib.

Şəhər 1 nömrəli məktəbin artıq 140 yaşı var. Məhz buna görə də işğaldan azad edilən Ağdamda "ağıllı şəhər" və dayanıqlı şəhər konsepsiyasında  təhsilin inkişafı xüsusi nəzərə alınıb. Birinci Qarabağ müharibəsindən əvvəl Ağdam şəhərində 7 orta və bir səkkizillik məktəb, 4 texnikum, iki peşə məktəbi fəaliyyət göstərib. Ağdamın işğalından sonra rayonun təhsil işçiləri bütün problemlərə baxmayaraq, şagirdlərin vətənpərvər ruhda böyümələri və təhsil almaları üçün əsl fədakarlıq göstəriblər, təhsil  sahəsində əldə edilən uğurlar artıq gözəl nümunəyə çevrilib.

Ağdam rayonunda   şəhid ailələri, qabaqcıl təhsil işçiləri, 2022-2023-cü tədris ilində uğur qazanmış əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüş keçirilib. Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində təşkil olunmuş tədbirdə şəhid ailələri, qabaqcıl təhsil işçiləri, əlaçı şagirdlər, yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlər, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib və dahi şəxsiyyətin parlaq ruhuna ehtiramlarını bildiriblər. Görüşdə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, millət vəkili Ağalar Vəliyev və başqaları ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən təhsil siyasətindən, bu sahədə görülən işlərdən danışaraq, həm də Ağdam məktəblilərinin qazandığı uğurlardan bəhs ediblər. Qeyd edilib ki, 2022-2023-cü tədris ilində rayon üzrə 11-ci  sinfi bitirmiş 1641 nəfər məzundan 1502 nəfəri ali məktəblərə sənəd verib və onlardan  736 nəfəri ölkəmizin müxtəlif ali təhsil müəssisələrinə   qəbul olunub. Məzunlardan 53 nəfəri 500-dən yuxarı, 17 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Tədbirin sonunda bir qrup müəllim, əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlərə  mükafatlar təqdim edilib.

Salman ALIOĞLU,

"Respublika".