TEXNOLOGİYA UNİVERSİTETİNDƏ MƏZUN YARMARKASI
Region

TEXNOLOGİYA UNİVERSİTETİNDƏ MƏZUN YARMARKASI

Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Tədbirin rəsmi hissəsi Dövlət Himni səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib. Sonra, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov giriş sözü ilə çıxış edib, universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən əhatəli danışıb. Sonra, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov və digərləri çıxış edərək, işə götürənlərə və iş axtaranlara uğurlar arzulayıblar.

Rəsmi hissədən sonra, ATU-da bu il məzun olacaq 660 tələbə və magistr, eləcə də ötən illərin məzunları işəgötürənlərin stendlərinə yaxınlaşaraq, vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər.

Azəralüminium, AzerGold, Azərsun Holding, Qəbələ Konserv zavodu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Şəmkir Aqroparkı kimi dövlət və özəl müəssisələri, Paşa Bank, Kapital Bank, Bank of Baku və.s  banklar yarmarkada işəgötürənlər qismində çıxış edib.

Ümumilikdə, əmək yarmarkasında 40-dan çox müəssisə tərəfindən, 400-dən artıq vakansiya təqdim olunub. Tədbir universitet tarixində miqyasına görə ən böyük məzun yarmarkası olaraq qeydə alınıb.

                         Zabit XƏLİLOV,

                         “Respublika”.