Torpaqlarımızın minalardan təmizlənməsi prosesi davam edir
Sosial həyat

Torpaqlarımızın minalardan təmizlənməsi prosesi davam edir

Əsrlər boyu baş verən müharibələr heç bir xalqa, ölkəyə xoşbəxtlik gətirməyib. Hətta böyük qələbələrlə başa çatan müharibələrin belə, nəticələri çox acı olub.

Bu gün ölkəmizin müvafiq dövlət qurumları tərəfindən mina təhlükəsi ilə bağlı genişmiqyaslı maarifləndirmə işi aparılır. Minalanmış ərazilər haqqında mətbuatda, telekanallarda əhaliyə mütəmadi müraciətlər edilir, çoxsaylı əyani vəsait, plakatlar göstərilir, müəyyən çağırışlar olunur. Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri, ANAMA tərəfindən əhaliyə edilən müraciətlərdə bu ərazilərin təhlükəli olması barədə maarifləndirici məlumatlar verilir.

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində demişdir: "Onu da nəzərə almalıyıq ki, mənfur düşmən bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir".

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan 2024-cü ilin fevralın 14-dək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə işləri zamanı 118 min 502,6 hektar ərazi təmizlənib, 62 min 228 ədəd partlamamış hərbi sursat, 31 min 175 ədəd piyada əleyhinə mina və 18 min 790 ədəd tank əleyhinə mina (cəmi 112.193 ədəd) aşkar edilərək zərərsizləşdirilib. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 341 vətəndaşımız mina qurbanı olub. Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər həlak olub, 276 nəfər isə yaralanıb.

Respublikamız mina təhlükəsi ilə mübarizə proqramına 2000-ci ildən sonra qoşulmuş və ANAMA-nın əsas və yeganə QHT tərəfdaşlarından biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən bu günlərdə Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə mediatur təşkil olunub. Fondun Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşündə BAMF-ın prezidenti Umud Mirzəyev "Qadın minaaxtaranlar layihəsi" haqqında məlumat verərək bildirib ki, layihə Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin təşkilatçılığı və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir. BAMF-ın rəhbərlik etdiyi layihə çərçivəsində Avropa İttifaqının dəstəyi ilə yalnız qadınlardan ibarət 2 komanda, ABŞ Dövlət Departamentinin dəstəyi ilə isə bir qadın və bir kişi minaaxtaran komanda yaradılmışdır. Layihə heyəti üçün ötən il iyunun 19-da başlayan minaaxtarma kursu sentyabr ayında başa çatıb. Daha sonra onlar sahədə fəaliyyət göstərə bilmələri üçün ANAMA tərəfindən akkreditasiya olunublar. İşə başlamaq üçün hazır vəziyyətə gətirilən komandalar ötən il sentyabrın 25-də Ağdam rayonu Baş Qərvənd kəndi ərazisindəki həm döyüş, həm də mina sahəsində fəaliyyətə başlayıblar. Hazırda ümumilikdə, 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri, onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərməkdədir.

Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinə start verilmişdir. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, yeni şəhərlər və kəndlər inşa edilir. Görülən bəzi işlərin nəticələri göz qabağındadır. Minatəmizləmənin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılmışdır.

M.MİRZƏ,

"Respublika".