Azərbaycan alimləri Varşavada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış ediblər
Elm və təhsil

Azərbaycan alimləri Varşavada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

Varşavada Kompüter elmləri, texnika və təhsilin tətbiqləri üzrə 6-cı beynəlxalq konfransın (The 6th International Conference on Computer Science, Engineering and Education Applications, ICCSEEA2023) “Təbii və mühəndis proseslərinin idarə edilməsi üçün kompüter elmləri” mövzusuna həsr olunmuş bölmə iclasında “Uşaqların internetə girişinin yaş və fərdi xüsusiyyətlər əsasında idarə edilməsi” (Child Access Control Based on Age and Personality Traits) adlı təqdimatla akademik Rasim Əliquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və baş mütəxəssis Sabirə Ocaqverdiyeva çıxış ediblər.

"Respublika" xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. Məruzədə internet şəbəkəsinin məlumatın geniş auditoriyaya çatdırılmasında mühüm rolu olduğu və istifadəçiyə daha çox təsir göstərdiyi qeyd edilib. İnformasiya bolluğu şəraitində bir tərəfdə internetdən əldə olunan açıq informasiyanın olduğu, digər tərəfdə isə cəmiyyətin həssas üzvü olan uşaqların aktiv istifadəçi kimi dayandığı bildirilib. İnternet mühitində zərərli informasiya ilə qarşılaşmanın daha çox uşaq və yeniyetmələrin payına düşdüyü, bunun azyaşlıların psixologiyasına, sağlamlığına və s. zərər verdiyi bildirilib və qarşıdurma mexanizmlərinin hazırlanmasının vacib olduğu vurğulanıb.

Sonra isə uşaqların internet mühitində ziyanlı informasiyadan qorunması məqsədilə ekspert sisteminin təklif olunduğu haqqında məlumat verilib. Təklif edilən ekspert sisteminin uşaqların fərdi xüsusiyyətləri (uşağın yaşı, göz, ürək və s. xəstəlikləri) nəzərə alınmaqla, onların şəbəkəyə daxil olmasına icazənin verilməsi və uşaqların texnologiyalardan istifadəsi zamanı ekran vaxtının tənzimlənməsi üçün qərar qəbuletmə imkanlarına malik olduğu bildirilib. Qeyd edilib ki, “Mamdani” qeyri-səlis məntiqi çıxarış üsuluna əsaslanan yanaşma uşaqların sağlamlıq və psixoloji vəziyyətini qiymətləndirməklə onların texnologiyalardan istifadəsində yaş və fərdi xüsusiyyətləri nəzərə alır. Təklif edilmiş yanaşmanı internet mühitinə istifadəçi uşaqların girişinin idarə edilməsi sahəsində mühüm nəticə hesab etmək olar.

Qeyd edək ki, ICCSEEA2023 konfransı onlayn formatda təşkil olunub. Konfransa təqdim olunmuş məruzələr “Springer” nəşriyyatının “Lecture Notes on Data Engineering and Communications Technologies” toplusunda çap edilib. Tədbirdə Şimali Amerika, Avropa, Asiya-Sakit Okean ölkələri və digər dövlətlərdən alimlərin məruzələri təqdim olunub. Konfransa qəbul olunmuş məqalələr “Scopus”, “Ei Compendex”, “Google Scholar” və s. beynəlxalq bazalarda indeksləşir və referatlaşır.