Türk dünyası böyük bir ailədir
Türk dünyası

Türk dünyası böyük bir ailədir

Prezident İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən fövqəladə hallar nazirlərini qəbul edib. Bəzi nüanslara toxunan İlham Əliyev, türk dövlətləri ilə isti münasibətlərdən söz açıb: "Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir. Təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun".

Bu fikirlər özlüyündə Türk dövlətlərinin birliyini ehtiva edir. Azərbaycan müxtəlif vaxtlarda təşkilata sədrlik etmiş və Türk dünyasının birliyinin və mövqeyinin möhkəmlənməsi istiqamətində fəal çalışmışdır. Bu proses hazırda da davam edir. Həmçinin, ölkəmiz Türk Dövlətləri Təşkilatının əsas struktur və tədbirlərində aktiv rol oynayır. Bu kimi addımlar Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə birlikdə daha yaxşı inkişafına imkan yaradır.

Sentyabrın 7-də baş tutan görüşdə ilk mesajını təşkilatın hazırkı baş katibi Kubanıçbek Ömuralıyev mart ayında vermiş və bu görüşün Prezident İlham Əliyev tərəfindən təklif edildiyini qeyd etmişdi. Həmçinin qırğızıstanlı baş katib Türk dövlətlərinin İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyindən də bəhs etmişdi. Həqiqətən həmin dövrdə Türk dövlətlərinin Azərbaycana Qarabağı və onun ətraf ərazilərini işğaldan azad etməsi üçün diplomatik dəstəkləri danılmazdır. Belə ki, beynəlxalq təşkilatlar və digər ölkələrlə dialoq və təmasların gücləndirilməsi Azərbaycanın haqq işinə kömək olmuşdur. Bu dəstəklər sayəsində Azərbaycan həmin dövrdə siyasi arenalarda qazandığı qələbəni hərbi yolla birləşdirmiş və 30 illik diplomatik durğunluq dövrünü bitirmişdir.

TDT Qarabağın işğaldan azad edilməsindən sonra da mədəni əlaqələrin gücləndirilməsini təmin etdi. Bu mədəni əlaqələr festival və tədbirlər vasitəsilə, həmçinin incəsənət adamlarının Qarabağda birləşərək dünyaya türk mədəniyyətinin incilərini nümayiş etdirməsi ilə pik həddə yüksəlib. Heç şübhəsizdir ki, bu mədəni əlaqələr bundan sonra da artan xətlə inkişaf edəcək.

Həmçinin TDT Qarabağda gedən quruculuq işlərinə də böyük töhfə verir. Bunun ən bariz nümunəsi kimi isə Özbəkistan prezidentinin özbək xalqı adından hədiyyəsi olan və Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi qeyd etmək olar. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin isə prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi və həmin məktəbin açılışında şəxsən iştirakı bu əlaqələrin təcəssümüdür. Bu məramda digər türk dövlətlərinin də Qarabağda gedən bərpa-quruculuq işlərinə yatırdığı investisiyaları və ümumi dəstəklərini qeyd etmək yerinə düşər. Azərbaycanın TDT ilə olan əməkdaşlığını yüksək səviyyəyə qaldıran ən mühüm amil də elə Qarabağda gedən quruculuq işlərinə Türk dövlətlərinin böyük maraq göstərməsidir.

Ölkəmiz də bunu unutmur, siyasi arenada daima öz dəstəyini göstərir. Həmçinin bu yardımlar humanitar sahədə də aparılır. Azərbaycan regionda güclənən dövlətlərdən biri olaraq Türk dünyasının aparıcı ölkələrindən biri hesab olunur. "Alpan-2023" və "UFAZ-2023" hərbi təlimlərində də dünyaya ötürülən birlik mesajı türk dövlətlərinin qüdrətindən xəbər verir.

Tacir SADIQOV,

"Respublika".