Türk dünyasında qardaşlıq nümunəsi
Türk dünyası

Türk dünyasında qardaşlıq nümunəsi

Azərbaycan və Türkiyəni eyni ortaq dəyərlər, tarixi köklər birləşdirir. İki ölkə təkcə yaxşı gündə deyil, pis günlərdə də daim bir-birinin yanında olub, qarşılıqlı dəstək göstəriblər. Bir faktdır ki, bu tarixi birliyin, möhkəm dostluğun əsasında ümummilli lider Heydər Əliyev və Mustafa Kamal Atatürkün parlaq ideyaları dayanır.

Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. İki dövlət arasındakı əlaqələr türk xalqının lideri Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" və ulu öndər Heydər Əliyevin "Azərbaycan-Türkiyə bir millət iki dövlətdir" fikirlərində bir daha öz əksini tapmışdır. Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı daha da inkişaf etdirərək yeni müstəviyə qədəm qoymasına şərait yaratmışdır. Mövcud tərəfdaşlıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində həlledici rola malikdir. Türkiyə ilə iqtisadi sahədə olan əməkdaşlıq siyasi dialoqun dinamizminə uyğun olaraq şaxələnir. Bundan başqa, qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün də ölkələrimiz möhkəm hüquqi bazaya malikdir. Qardaş ölkə ilə iqtisadi sahədə perspektiv inkişafı özündə ehtiva edən bir sıra sənədlərin imzalanması bunun bariz nümunəsidir. Məsələn, təkcə 2021-ci ilin fevralında Hökumətlərarası Komissiyanın Ankarada baş tutan son iclasında sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər, idman və s. sahələrdə əməkdaşlıq istiqamətində bir sıra önəmli qərarlar qəbul olunmuşdur. Hətta, həmin dövrdə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, ikitərəfli ticarət əlaqələrində böyük artım da qeydə alınmışdır.

Qardaşlıq münasibətləri özünü 44 günlük Vətən müharibəsində də göstərdi. Azərbaycan xalqının milli mübarizə ruhunun təcəssümü olan İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi və siyasi məzmuna malikdir. Çünki ölkəmiz 30 ilə yaxın davam edən işğala, separatizmə öz gücü ilə son qoymuş, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etmişdir. Təsadüfi deyil ki, bu qələbəmiz tarixi ədalətlə yanaşı, beynəlxalq hüququ da bərpa etmişdir. Azərbaycanın qalibiyyətini, həmçinin bəzi ölkələrin ikili standartlara və selektiv yanaşmaya əsaslanan siyasətinin iflası kimi də qiymətləndirmək mümkündür. Qarabağ zəfəri regionda yeni geostrateji reallıqlar yaratmışdır ki, bu da özlüyündə təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşmasına töhfə vermişdir. Xüsusi vurğulamaq lazımdır ki, qələbəmizi təmin edən əsas faktorlardan biri də məhz qardaş Türkiyənin həm mənəvi, həm də siyasi dəstəyi idi. Belə ki, müharibənin ilk günlərindən Türkiyə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etmişdir. Qardaş ölkə, həmçinin reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşasında da mühüm rol oynamışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxtəlif tribunalardan ədalətin bərpasına prinsipial dəstəyi ümumilikdə beynəlxalq ictimaiyyətin diqqətini real gerçəkliklərə, tarixi həqiqətlərə yönəltmişdir. Türkiyənin bu dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilmiş, dövlətimiz də öz növbəsində qardaş ölkəyə milli-strateji və prinsipial məsələlərdə güclü dəstək nümayiş etdirmişdir. Prezident İlham Əliyevin 2020-ci il aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən səsləndirdiyi fikirlər də bunun təzahürüdür: "Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi. Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir".

İki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafını təmin edən digər əsas səbəb isə dövlət başçılarının qarşılıqlı baş tutan rəsmi və işgüzar səfərləridir. Bu il aprelin 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasına işgüzar səfəri birliyin, qardaşlığın təcəssümüdür. Dövlətimizin başçısı və onun xanımının İstanbulda keçirilən növbəti "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirakı mövcud qarşılıqlı maraqları bir daha təsdiqlədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalın keçirildiyi məkana məhz Prezident İlham Əliyevin idarə etdiyi və qardaş ölkənin texnoloji inkişafının göstəricisi olan "Togg" elektromobilində gəlməsi sarsılmaz dostluq münasibətlərinin simvoluna çevrildi. Bundan başqa, dövlətimizin başçısına ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xüsusi hazırlanmış xatirə əskinazının təqdim edilməsi və təbii fəlakət nəticəsində dağılmış Kahramanmaraş vilayətində Azərbaycanın inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin təməlinin qoyulması iki dövlətin bir-birinə bağlılığının bariz nümunəsidir.

Xatırladaq ki, "TEKNOFEST" Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) və qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun təşkilatçılığı ilə keçirilir. Festival ilk dəfə 2018-ci ildə baş tutub. 2022-ci ildə isə ilk dəfə olaraq qardaş ölkədən kənarda - Azərbaycanda təşkil edilib. Ölkəmizdə baş tutan texnologiya tədbirində ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları, tərəfdaş qurumların məhsul və həlləri, eləcə də gənclərin hazırladıqları prototiplər və STEM layihələr sərgilənib. Festivalın açılış mərasiminə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər, "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar da qatılmışdır. Ümumilikdə, 300 mindən çox insan festivalı ziyarət etmişdir. Bu il aprelin 29-da baş tutan festival isə növbəti dəfə türkün gücünü, iki dövlətin sarsılmaz birliyini göstərdi. Prezident İlham Əliyevin festivalda çıxışı zamanı səsləndirdiyi fikirlər dövlətimizin başçısının qardaş ölkəyə verdiyi dəyəri özündə ehtiva edir: "Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır".

Son illərdə qardaş ölkənin müdafiə sənayesində əldə etdiyi uğurlar da təqdirəlayiqdir. Belə ki, "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərliyi ilə inkişaf etmiş müasir müdafiə sənayesi Türkiyənin, eləcə də digər dövlətlərin də təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Hətta bu yaxınlarda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında Azərbaycan və Türkiyənin birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcəklərinə dair niyyət protokolu da imzalanıb. Türkiyənin milli döyüş təyyarəsinin, "Gökbey" helikopterinin, "Hürjet" və "ATAK-2" qırıcılarının, "Altay" tankının istifadəyə verilməsi Türkiyənin müdafiə sənayesindəki uğurlarının göstəricisidir. "TEKNOFEST" çərçivəsində Prezident İlham Əliyev bir daha Türkiyənin müdafiə sənayesində əldə etdiyi üstünlükləri diqqətə çatdırmışdır. Ən vacib məqam isə ölkə başçımızın Azərbaycanda "Bayraktar" mərkəzinin yaradılacağını elan etməsi idi: "Mən fürsətdən istifadə edərək "Kızılelma" ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaqdır. "Kızılelma" havada, "Altay" və "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur". Xatırladaq ki, "Teknofest" zamanı "Kızılelma" pilotsuz uçuş aparatının səmada manevrləri xüsusi marağa səbəb olub. Selçuk Bayraktarın "Kızılelma" və "Akıncı" bərabər uçurlar. Bu uçuş forması dünyada ilk dəfədir", - deyə söylədiyi fikirlər sarsılmaz tərəfdaşlığın növbəti təzahürüdür.

Nəzrin ELDARQIZI,

"Respublika".