Türk Ticarət və Sənaye Palataları Birliyinin növbədənkənar iclası keçirilib
İQTİSADİYYAT

Türk Ticarət və Sənaye Palataları Birliyinin növbədənkənar iclası keçirilib

İyulun 3-də Daşkənd şəhərində Türk Ticarət və Sənaye Palataları Birliyinin və Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə növbədənkənar iclas keçirilib. İclas, “Yeni Özbəkistan: biznes və investisiya üçün yeni perspektivlər” mövzusuna həsr olunub.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

Tədbirdə Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömər Kocaman, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının Rəyasət Heyətinin sədri, Gənclər Siyasəti və İdman naziri Adham İkramov, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, Qırğız Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariev, Türkmənistanın Ticarət və Sənaye Palatasının şöbə müdiri Kamal Vəliyev və Kipr Türk Respublikasının Ticarət və Sənaye Palatasının sədri Turqay Deniz çıxış edib.

M.Musayev çıxışında Rıfat Hisarcıklıoğlunu yenidən TOBB prezidenti seçilməsi münasibətilə təbrik edib. O, Özbəkistanın istər Azərbaycan, istərsə də Türk dünyası üçün əhəmiyyəti və ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın hazırki vəziyyəti, mövcud imkanlar barədə danışıb.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Odalar və Borsalar Birliyi nəzdində Türkiyə İqtisadiyyat və Texnologiya Universitetinin Daşkənd filialı olan “TOBB ETÜ TASHKENT” Universitetinə səfər edib, universitenin fəaliyyəti, mövcud elmi-innovativ potensialı ilə tanış olublar.